ABŞ və İsrailin İrana hücumları davam edir. Bu hücumlar fonunda ABŞ Prezidenti Donald Tramp açıqlaması ilə diqqət çəkib. ABŞ lideri bildirib ki, İranda yeni liderlərin peyda olması ilə faktiki olaraq rejim dəyişib. Lakin Trampın bu açıqlamaları heç də birmənalı qarşılanmayıb.
İranda həqiqətən rejim dəyişikliyi baş verib? Bu qonşu ölkələrlə münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan rusiyalı analitik Vitali Arkov bildirib ki, İran artıq dörd onillikdən çoxdur ki, Qərbin təzyiqləri altında yaşayır. Əsasən ABŞ və Avropa ölkələri də bu təzyiqlərdə fəal iştirak edib:
“Onlar anti-İran qətnamələri qəbul edib, sanksiyalar tətbiq olunub və s. Bu gün görürük ki, onilliklər boyu təzyiq altında olan İran kifayət qədər möhkəmlənib və onun hərbi gücü regionda ən güclülərdən birinə çevrilib. Lakin İran təkcə müdafiə qabiliyyətini deyil, həm də hakimiyyət strukturunu gücləndirib. İllərlə həm siyasətçilər, həm hərbçilər sistemli şəkildə hazırlanıb. İranın “kadr ehtiyatı” genişdir. Öldürülən hər bir rəhbərin yerinə yüksək peşəkarlığa malik yeni şəxs gəlir və idarəetmə sistemi dağılmır”.
Arkov hesab edir ki, bununla belə, hər bir dövlətdə olduğu kimi, hakimiyyət monolit deyil. İran elitası müxtəlif fraksiyalardan ibarətdir:
“Sadələşdirilmiş şəkildə desək, burada “şahinlər”, yəni Qərblə sərt qarşıdurmanı davam etdirmək istəyənlər, həmçinin “göyərçinlər” - İranın milli maraqları əsasında Qərblə dialoqa hazır olanlar var. Cəmiyyətdə “beşinci kolon” nümayəndələrinin mövcudluğu, eləcə də müxtəlif etnik və dini qrupların narazılığına baxmayaraq, İran xalqı Venesuela, Kuba və ya bəzi qonşu ölkələrin xalqlarından fərqlənir. Bu baxımdan orada Qərbin tam “kuklası” olacaq bir siyasətçinin hakimiyyətə gəlməsi çətin görünür”.
Arkov bildirib ki, Məhəmməd Rza Pəhləvi belə, SSRİ, ABŞ, Fransa və Böyük Britaniya ilə sıx əlaqələrinə baxmayaraq, mürəkkəb dövrlərdə ölkə maraqlarını ön plana çıxara bilirdi. Buna görə də İran daxilindəki vəziyyət və ABŞ-ın yanlış strategiyası fonunda Tehranda tam Qərbyönlü bir liderin hakimiyyətə gəlməsi ehtimalı azdır:
“Daha çox kompromisə meyilli bir fiqur mümkün görünür. Tehran-Moskva münasibətlərinə gəlincə, İranın Qərbyönlü rəhbərlik tərəfindən idarə olunacağı halda müəyyən dəyişikliklər mümkündür. Lakin qeyd etmək lazımdır ki, hətta indiki rejim dövründə də bu münasibətləri tam dostluq və ya qardaşlıq adlandırmaq olmaz. Daha çox qarşılıqlı faydaya əsaslanan situativ əməkdaşlıq mövcuddur. İki ölkə arasında bir sıra məsələlərdə fikir ayrılıqları olub və bəzən bu açıq şəkildə də üzə çıxıb”.
Arkov əlavə edib ki, Suriyanın son nümunəsi də bunu göstərir.
“Orada hakimiyyətə Qərbyönlü qüvvələr gəlib. Buna baxmayaraq, Rusiya Suriyada qalmaqdadır və birgə layihələr genişləndirilir. Rusiya böyük dünya dövlətidir və son illərdə bu statusunu bir daha təsdiqləyib. Onunla qarşıdurma isə əksər hallarda zərər gətirir. Bunu Avropa İttifaqının, Ukraynanın, daha əvvəl isə Gürcüstanın təcrübəsi göstərir. Bu ölkələrdə Qərbyönlü rəhbərliklərin hakimiyyəti ciddi problemlərə səbəb olub”.
Tehran Orucoğlu, Bizim.Media

































































































