Ermənistanda 7 iyun 2026-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkiləri yaxınlaşdıqca mübarizə aktiv mərhələyə qədəm qoyur. Siyasi partiyaların və ittifaqların rəsmi qeydiyyatı 2026-cı ilin aprel ayında planlaşdırılır, bundan sonra aktiv seçki kampaniyası başlayacaq.
Hazırda seçkilərdə iştirak etməyə hazırlaşan bəzi siyasi qüvvələr artıq məlumdur:
- Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası;
- Robert Koçəryanın başçılıq etdiyi “Ermənistan” İttifaqı;
- Artur Vanetsyanın “Şərəfim Var” İttifaqı;
- Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası;
- Erməni Milli Konqresi, eləcə də bəzi digər partiyalar və siyasi təşəbbüslər.
Ermənistan Baş Naziri Nikol Paşinyan artıq seçki kompaniyasına başlayıb və regionları gəzməyə davam edir.
Bəs xalq bu dəfə də Paşinyana etimad göstərəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını erməni ekspert və fəal İşxan Verdyan cavablandırıb.
Verdyan qeyd edib ki, bu gündən etibarən Ermənistanın seçki məkanı iki qütbə bölünmüş vəziyyətdədir. Bir qütbdə hakim partiya və Nikol Paşinyan yer alır. Digər qütbdə isə ümumilikdə Robert Koçaryanın siyasi liderliyi ətrafında birləşə biləcək müxalifət mövcuddur.
“Bəli, bir çox müxalif liderin ortaya çıxdığını görürük və bu vəziyyət ilk baxışda müxalifət cəbhəsində geniş siyasi meydanın olduğu təəssüratını yaradır. Lakin müxalif fiqurların özləri də əvvəldən etibarən seçkiləri qazandıqları halda güclərini birləşdirəcəklərini açıq şəkildə bildiriblər. Yəni parlamentə daxil olduqları təqdirdə, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün vahid cəbhə kimi hərəkət edən koalisiya yaradacaqlarını deyiblər”.
Bu səbəbdən siyasi meydan kənardan necə görünsə də, müxalifətin koordinasiyası əsasən Robert Koçaryan tərəfindən həyata keçirilir:
“Müxalifət eyni zamanda əhəmiyyətli dərəcədə Moskvadan dəstək alır. Qarşı qütbdə isə Qafqazda sülhün və ölkədə sabitliyin qorunması üçün siyasi mübarizə aparan Nikol Paşinyan dayanır. Bu gün mövcud olan empirik proqnozlar göstərir ki, seçicilərin müəyyənedici əksəriyyəti Nikol Paşinyanın tərəfindədir. Əgər seçkilər sabah keçirilsəydi, böyük ehtimalla Nikol Paşinyan açıq fərqlə qalib gələrdi”.
Verdyan bildirib ki, iki və ya üç ay sonra nə baş verəcəyini indidən dəqiq demək tez olar:
“Lakin mövcud vəziyyətdə radikal dəyişiklik gözləmirəm və Nikol Paşinyanın mövqeyində ciddi zəifləmə ehtimalı görmürəm. Çünki Ermənistanda müxalifətin başında kimlərin dayandığı çox yaxşı məlumdur və xatırlatmaq lazımdır ki, 2018-ci ildə insanlar məhz bu siyasi fiqurlara qarşı küçələrə çıxaraq Nikol Paşinyanın liderliyi ilə “Məxməri İnqilab”ı həyata keçirmişdilər. Hər hansı fövqəladə vəziyyət baş verməsə, növbəti seçki dövründə də parlamentdə həlledici rolu çox güman ki, yenə lideri Nikol Paşinyan olan “Mülki Müqavilə” partiyası oynayacaq”.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Region
14:20 / 16.03.2026
Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR – Əsas namizədlər və qələbə şansları – Verdyandan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR – Əsas namizədlər və qələbə şansları – Verdyandan ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR – Əsas namizədlər və qələbə şansları – Verdyandan ÖZƏL AÇIQLAMA
601800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































