İranın qardaş ölkələrimizi hədəf alan hücumlarını dəstəkləmədiyimizi və bunun nəticə verməyəcəyini açıq şəkildə bildirdik.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ankarada keçirilən iftar proqramında bildirib.
Dövlət başçısı qeyd edib ki, İranla bağlı münaqişə nə qədər uzanarsa, bölgədə vəziyyət bir o qədər pisləşəcək.
“Regionda gərginlik gedərək artır. Bu günə qədər ancaq İranda uşaqlar da daxil olmaqla, təxminən 1500 insan həyatını itirib. Qarşılıqlı zərbələr böhranın iqtisadi yükünü artırır. Yeni “macəraların” bədəlini bütün regionumuz, hətta Avropa və Asiya da daxil olmaqla, bütün dünya ödəyəcək", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə İrana məxsus ballistik raketlərin vurulmasından sonra Tehrana çox aydın şəkildə xəbərdarlıq edib.
“Gərginliyi azaltmaq üçün diplomatiyaya üstünlük verməliyik. Gələcəyimizi təhdid edən hər bir problemə “şərəfli həll yolu” tapıla biləcəyinə inanırıq. Müharibə daha da yayılmadan mümkün qədər tez bitməlidir. Biz bölgədə sülh və rifah atmosferini yenidən yaratmaq əzmindəyik. Əlbəttə ki, bu yolda hər kəsin, xüsusən də bölgə ölkələrinin konstruktiv rolu vacibdir”, - deyə ölkə başçısı ifadə edib.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi martın 9-da İrandan buraxılan ballistik raketin məhv edildiyini bildirib. Qurumun məlumatına görə, İran raketinin trayektoriyası Türkiyənin hava məkanından keçib.
Raket Şərqi Aralıq dənizində yerləşmiş NATO qüvvələri tərəfindən məhv edilib. Onun qalıqları Qaziantep vilayətinin cənubunda yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.
İrandan ballistik raketin buraxılması ilə bağlı daha bir hadisə isə martın 4-də də baş verib.
Bizim.Media






























































































