Rusiyadan NÜVƏ XƏBƏRDARLIĞI – Hədəfdə bu ölkələr var

Hazırda oxunan: Rusiyadan NÜVƏ XƏBƏRDARLIĞI – Hədəfdə bu ölkələr var

598265

Ukrayna ilə Rusiya arasında müharibə davam etdikcə, tərəflərin biri-birilərinə qarşı ittihamları da ağırlaşır. Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) iddiasına  görə, Böyük Britaniya və Fransa Ukraynanı nüvə bombası ilə silahlandırmağa hazırlaşır.

SVR-in versiyasına görə, avropalılar silahın ötürülməsini guya Ukraynanın öz istehsalı kimi təqdim etməklə gizlətmək istəyirlər.

SVR-in bəyanatında qeyd olunur ki, London və Paris hazırda Kiyevə komponentlərin, avadanlığın və texnologiyaların ötürülməsini təşkil etməyə çalışır. SVR-in qənaətinə görə, “Fransanın M51.1 sualtı qayıq ballistik raketi üçün nəzərdə tutulmuş TN75 tipli kiçik ölçülü döyüş başlığının  Ukraynaya verilməsi variantı nəzərdən keçirilir.

SVR bəyan edib ki, Böyük Britaniya və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaq cəhdinə görə məsuliyyətdən yayına bilməyəcəklər.

Rusiya Ukraynaya taktiki nüvə zərbəsi endirmək üçün zəmin hazırlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, bu təhdiddə Rusiyanın əsas məqsədi heç də Ukrayna deyil, hədəfdə Avropadır:

“Rusiya yaxşı bilir ki, NATO ona qarşı müharibəyə hazırlaşır. Ukrayna isə artıq əldən salınmış bir ölkədir. Bu mənada ona münasibətdə nüvə silahının tətbiqinin heç bir mənası yoxdur. Moskva bu hədəsilə əslində Avropa dövlətlərinə zərbə endirməyi nəzərdə tutub.
 

Zelenski tərəfindən bu məsələ dəfələrlə avropalı müttəfiqlərlə danışıqlarda gündəmə gətirilib. Bununla əlaqədar olaraq, Fransa Prezidenti və Böyük Britaniya Baş naziri ilə məsləhətləşmə aparıb. Amma hələlik həmin məsələdə konkret bir qərara gəlməyiblər. Həmin bu iki ölkə Ukraynaya nüvə döyüş başlıqları verməklə əslində bundan çəkindirici amil kimi istifadə etmək istəyir.


Artıq xeyli vaxtdır Rusiya, Medvedevin timsalında Avropanı nüvə silahı ilə təhdid edir. Bu səbəbdən öz növbəsində Avropa dövlətləri də nüvə silahını Ukrayna ərazisində yerləşdirib-yerləşdirməmək barədə fikirləşməyə başlayıblar”.

Ekspert bildirib ki, Rusiyanın kəşfiyyat idarəsi məsələ barədə provokasiya xarakterli məlumat verib:

“Onlar iddia edir ki, guya Fransa ilə Böyük Britaniya təkcə döyüş başlıqları yox, həm də balistik raketlərlə birlikdə nüvə döyüş silahını Ukraynaya vermək istəyir. Burada da məqsəd iddia etdiklərinə görə, Moskvanı vurmaqdır”.

Müsahibimiz hesab edir ki, Rusiya hədə-qorxu gəlsə, sözügedən Avropa ölkələri həmin silahı Ukraynaya verməkdən çəkinəcəklər:

“Rusiya həmçinin bu amildən geninə-boluna təbliğat vasitəsi kimi istifadə etməkdə davam edəcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin