ABŞ və İran arasında Cenevrədə keçirilən yüksəksəviyyəli nüvə danışıqlarında gözlənilməz gərginlik yaşanıb. Hər iki ölkənin nümayəndə heyəti danışıqlar aparılan məkanı tərk edib. Lakin sonradan görüşlə bağlı İran xarici işlər naziri Abbas Əraqçi müsbət mesajlar verib.
“ABŞ ilə danışıqlar əvvəlki raundla müqayisədə əhəmiyyətli dərəcədə irəliləyib. Biz mümkün sazişin mətnini hazırlayacağımız bir sıra əsas prinsiplər üzərində razılığa gəldik. Bu, tezliklə razılaşmaya nail olacağımız demək deyil, lakin proses artıq başlayıb. Mətnin hazırlanmasına gəldikdə isə iş daha mürəkkəbləşir”, - deyə Əraqçi əlavə edib.
Buna baxmayaraq, İran artıq Hörmüz boğazını bağlayır. Belə ki, rəsmi Tehran hərbi təlimlər və döyüş atışları keçirdiyini əsas gətirməklə boğazı müvəqqəti bağladığını bəyan edib. Nəticədə boğazda gəmilərin hərəkəti məhdudlaşıb.
Məlumata görə, söhbət genişmiqyaslı hərbi manevrlərdən gedir və bölgədə real döyüş şəraitinə yaxın ssenarilər tətbiq olunur. Bu təlimlərdə sualtı qayıqların yerüstü hədəfləri məhv etməsi, dənizdən və qurudan qanadlı raketlərin atılması və elektron müharibə mühitində işləyə bilən yeni növ raketlərdən istifadə edilməsi təcrübədən keçiriıir.
Xatırladaq ki, Hörmüz boğazı dünya enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Enerji daşıyıcılarının 20-25 faizi məhz bu marşurutdan keçir.
ABŞ-da öz növbəsində regionda hərbi gücünü artırır. Bildirildiyinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlər keçirdiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Belə bir durumda isə savaş qaçılmaz hala gələ bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli tərəflər arasında məhdud həcmli toqquşmanı mümkün hesab etsə də, genişmiqyaslı müharibəni istisna edir:
“ABŞ-la İran arasında proseslərin kəskin toqquşma mərhələsinə qədər gedəcəyini düşünmürəm”.
Ekspertin fikrincə, Hörmüz boğazı ətrafında cərəyan edənlər sadəcə olaraq, güc, əzələ nümayişidir:
“Hazırda bölgədə cərəyan edən proseslər, xeyli sayda hərbi təyyarələrin bölgəyə gətirilməsi, təyyarə daşıyan gəmilərin hərəkəti, qarşı tərəfin də hərbi təlimlər adı altında Hörmüz boğazını bağlaması, bütün bunlar sadəcə olaraq, əzələ, güc nümayişi məqsədi daşıyır.
Yəni gedişatı belə oxumaq daha məntiqli görünür, nəinki toqquşma ehtimalının qaçılmaz olacağını söyləmək. Birinin əlində raketlər olması, digərinin isə bölgədən minlərlə kilometr uzaqda olması, tərəflər arasında müharibənin ola biləcəyi ehtimalını aşağı salır.
Hardasa məhdud miqyaslı qarşıdurma mümkündür, bu istisna edilmir. Amma bütövlükdə strateji müharibədən söhbət gedə bilməz. Ona görə də indilikdə ancaq tərəflərin bir-birini qorxutmaqla güzəştlərə nail olmalarına yönəlik addımlar atılır”.
Rüfət Sultan, Bizim.Media






























































































