Rusiya Federasiyasının Ukraynada Lasar's Group üçün pilotsuz uçuş aparatları istehsal edən əsas zavoda hücumu nəticəsində itkilərin miqyası ilk dəfə açıqlanıb. Zərərin on milyonlarla dolları keçdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov “The Atlantic” nəşrinə açıqlamasında deyib.
Hərbçi xatırladıb ki, bir neçə ay əvvəl Rusiya dronlarının kütləvi hücumu nəticəsində Ukrayna Milli Qvardiyasının tərkibində fəaliyyət göstərən və müharibədə ən effektiv birləşmələrdən biri sayılan Lasar's Group üçün PUA istehsal edən əsas zavod məhv edilib.
Hücum nəticəsində təxminən 35 milyon dollar dəyərində avadanlıq, o cümlədən böyük həcmdə silah ehtiyatı yanaraq sıradan çıxıb.
Nəşr qeyd edir ki, Rusiyanın oxşar hücumları qış boyu Ukraynanın enerji şəbəkəsini və istilik sistemini iflic vəziyyətə salıb. Temperaturun dəfələrlə sıfırdan xeyli aşağı düşməsi fonunda bu zərbələr xüsusilə ağır nəticələr doğurub.
Qeyd olunub ki, Lasar's Group innovativ yanaşması ilə seçilir. Qrup “Formula-1” prinsipi üzrə – rolların dəqiq bölgüsü, texnologiyaya üstünlük və sürətli adaptasiya modeli əsasında qurulub.
Üzvlərinin əksəriyyəti xüsusi hazırlıq keçmiş mülki şəxslərdir. Bölmə cəbhə xəttində Rusiya hava hücumundan müdafiə sistemlərinin (məsələn, “Buk” və “S-300V” zenit-raket kompleksləri), zirehli texnikanın və digər hədəflərin məhv edilməsində dronlardan fəal istifadə edir.
Lasar's Group müharibədə texnologiyanın adaptasiyasının simvoluna çevrilib; zərbə dronlarını, operativ məlumatları və pilotsuz sistemlərin effektiv tətbiqini birləşdirərək Rusiya qüvvələrinin potensialını zəiflətməyə çalışır.
Bizim.Media

































































































