İranda davam edən kütləvi etirazlar zamanı ölənlərin sayı ilə bağlı dəhşətli rəqəmlər açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.
Nəşr İran Səhiyyə Nazirliyinin yüksəkvəzifəli şəxslərinə istinadən yanvarın 8-i və 9-da baş verən toqquşmalarda ölənlərin sayının 30 min nəfərə çata biləcəyini yazıb.
Məqalədə qeyd olunur ki, həmin 2 gün ərzində təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq nəticəsində xəstəxanalarda cəsəd torbaları tükənib. Şahidlərin və rəsmilərin sözlərinə görə, meyitlərin daşınması üçün təcili yardım maşınları kifayət etmədiyindən traktor qoşqularından və böyük yük avtomobillərindən istifadə olunub.
Qeyd edək ki, sözügedən rəqəmlər İran hökumətinin rəsmi statistikası ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, İranın xarici işlər naziri Seyid Abbas Araqçı iğtişaşlar zamanı 3.117 nəfərin öldüyünü, onlardan 690-nın isə “terrorçu” kimi qeyd edildiyini bildirsə də, tibb işçilərinin hazırladığı və mətbuata sızan hesabatlarda yalnız mülki xəstəxanalarda qeydə alınan ölüm sayının 30.304 olduğu iddia edilir.
Xatırladaq ki, etiraz dalğası 2025-ci ilin dekabrında milli valyuta rialın rekord həddə ucuzlaşmasından sonra başlayıb. Aksiyalar qısa müddətdə iqtisadi tələblərdən siyasi şüarlara keçib.
Bizim.Media




































































































