ABŞ Prezidenti Donald Trampın Tehran rejiminə qarşı çıxan etirazçılara kömək məqsədilə İrana hərbi zərbələr endirmək niyyəti artıq gerçəkləşmək ərəfəsindədir.
Belə ki, Tramp İranda davam edən etirazlar fonunda rəsmi Tehranla bütün diplomatik əlaqələri dayandırdığını elan edib.
O, İran hakimiyyətinə səslənərək, nümayişçilərə qarşı zorakılığı dayandırmayana qədər onlarla heç bir görüşün keçirilməyəcəyini vurğulayıb.
Eyni zamanda, Tramp iranlı etirazçılara müraciət edərək, onları mübarizəni davam etdirərək, dövlət qurumlarını ələ keçirməyə çağırıb:
“Kömək yoldadır. Gəlin, İranı yenidən böyük edək”.
Qeyd edək ki, dekabrın 28-dən başlayaraq, İranda aksiyalar davam edir. Etirazlar ölkənin 31 vilayətini əhatə edib.
Trampın son açıqlaması isə onu deməyə əsas verir ki, o və komandası İranı vurmaqda qəti və israrlıdır.
İrana hücum necə və nə vaxt baş verəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli düşünür ki, İrana hücum nə qədər tez olsa, bir o qədər məqsədəuyğundur:
“Çünki bir müddət əvvələ qədər xalq çıxışları yüksəliş dövrünü yaşayırdı. İndi isə etirazçıları dilə tutmağa başlayıb, onlarla polemika aparır, vədlər verirlər”.
Müsahibimizin fikrincə, İranın çoxsaylı vacib obyektlərinə havadan zərbələr endiriləcək:
“İrana hücumun sxemi hazırlanmalı, hər şey diqqətlə ölçülüb-biçilməlidir ki, mülki əhaliyə ziyan dəyməsin. İrana hava və raket zərbələrinin endiriləcəyi ehtimalı daha böyükdür. Əsasən hökumət strukturlarının yerləşdiyi binalara, SEPAH mərkəzlərinə, ordu qərargahlarına zərbələr endiriləcək. Bu isə vaxt tələb edir. İsrail də İrana zərbələr endirilməsinin vaxtının bir qədər uzadılmasını istəyir. Bu da əməliyyatı tam dəqiqliklə hazırlamağa hesablanıb ki, proses İranın əks-cavabı ilə vəziyyətin pisləşməsinə gətirib çıxarmasın”.
Gözlənilən hücumun vaxtına gəlincə...
Politoloq qeyd edib ki, bu 7-10 günə baş verəcək:
“İrana hücum mütləq olacaq. Uzağı bir həftəyə bu baş verəcək. Tramp etirazçılara köməyin yolda olduğunu deyərkən, təyyarə daşıyan gəmilər, sualtı qayıqların lazımi məkana çatmasını nəzərdə tuturlar. Amerikanın İordaniya və Omanda hərbi bazaları olsa da, onlar öz güclərilə məsələni həll edəcək qüdrətdə deyil. Ona görə də ABŞ-ın özündən köməyin gəlməsini gözləyirlər. Belədə uzağı 7-10 günə İranda meydan qızışacaq və rejimə divan tutulmağa başlanılacaq”.
Rüfət Sultan, Bizim.Media




























































































