Paşinyanla ABŞ-dakı erməni diasporu arasındakı ziddiyyətin DETALLARI AÇIQLANDI

Hazırda oxunan: Paşinyanla ABŞ-dakı erməni diasporu arasındakı ziddiyyətin DETALLARI AÇIQLANDI

589073

İsrailin “The Times of Israel” qəzetinin müəllif bloqunda Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) analitiki Mixail Borodkinin Ermənistan–İsrail münasibətlərinin mürəkkəbliyi və ABŞ-dakı erməni lobbisinin rolu ilə bağlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, müəllif qeyd edir ki, Ermənistanın Qərb və İsraillə praqmatik münasibətlər qurmaq cəhdləri diasporun, ilk növbədə Amerikanın Erməni Milli Komitəsinin (ANCA) müqaviməti ilə üzləşir.
 

Onun fikrincə, İrəvan üçün əsas çağırış bu gün Bakı deyil, Vaşinqtondur: Ermənistan hökuməti ilə ANCA arasındakı uçurum struktur xarakter alıb və kritik bir mərhələdə ölkənin diplomatik manevr imkanlarını məhdudlaşdırır.


Borodkin vurğulayır ki, 2025-ci ilin sonlarında Ermənistan İsraillə yaxınlaşma istiqamətində addımlar atıb: yüksəkvəzifəli məmurlar arasında məsləhətləşmələr keçirilib, XİN rəhbərinin müavini Vaan Kostanyan İsrailə səfər edib, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) müzakirə olunub, iqtisadiyyat naziri Gevorq Papoyan isə iqtisadi və texnoloji əməkdaşlıqla bağlı danışıqlar aparıb.

Bu addımlar İrəvanın Qərbdə və İsraildə praktik dayaq nöqtələri axtardığını göstərir.

Eyni zamanda ANCA tam əks xətt tutur. Ermənistan hökuməti üçün İsrail tərəfdaş olduğu halda, lobbiçilər üçün o, ideoloji mübarizə alətinə çevrilir.

Müəllif oxşar problemin Qüdsdə də mövcud olduğunu qeyd edir: ANCA erməni məhəlləsindəki (“İnək bağları”) lokal əmlak mübahisəsini beynəlxalq siyasi qalmaqala çevirib, ABŞ Konqresinin müdaxiləsinə nail olmağa çalışıb və diplomatik gərginlik yaradıb. 
 

Borodkinin fikrincə, diasporun bu cür fəaliyyəti İrəvanın İsraillə münasibətləri yaxşılaşdırmaq cəhdlərini zəiflədir və Ermənistanın strateji təcridə yol verə bilmədiyi bir vaxtda lazımsız risklər yaradır.


TRIPP ətrafındakı münaqişə xüsusilə vurğulanır: Ermənistan rəhbərliyi təşəbbüsü normallaşma və suverenliyin möhkəmləndirilməsi aləti kimi dəyərləndirir, ANCA isə ona qarşı açıq kampaniya aparır.

Müəllifə görə, bu mövqe Ermənistanı ABŞ-da etibarsız tərəfdaş kimi təqdim edə bilər.

Borodkin bu ziddiyyətləri daha geniş regional kontekstlə əlaqələndirir: Nikol Paşinyan hökuməti ilə diaspor arasındakı qırılma, qeyri-sabitlikdən İran və Rusiyanın faydalanması, eləcə də Tavuşdakı etirazlar və arxiyepiskop Baqrat Qalstanyanın həbsi ilə özünü göstərən Ermənistan daxilindəki siyasi qütbləşmə.

Məqalənin sonunda müəllif vurğulayır ki, İrəvan Vaşinqtona aydın şəkildə çatdırmalıdır: Ermənistanın xarici siyasəti diaspor strukturları tərəfindən müəyyənləşdirilməməlidir. ABŞ və İsrail isə lobbiçilərin ritorikasını erməni dövlətinin real milli maraqlarından ayırmağı bacarmalıdır. 

“Ermənistanın yaşaması üçün realizmə ehtiyacı var”, — deyə Borodkin yekunlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin