İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

Hazırda oxunan: İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

588535

İranda etirazlar dördüncü gündür davam edir və azı 36 şəhəri əhatə edir.

Bizim.Media xəbər verir ki, aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılıb.

Etirazçılar helikopter qəzasında həlak olan keçmiş prezident İbrahim Rəisinin bir neçə gün əvvəl qoyulan heykəlini də aşırıblar.

İran dövlət televiziyasının məlumatına görə, yüksək inflyasiyaya qarşı kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb. İran mediası və hüquq-müdafiə təşkilatları bildirir ki, cümə axşamı ölkənin müxtəlif vilayətlərində baş verən iğtişaşlarda bir neçə nəfər həyatını itirib. Bu, son üç ildə İranda baş verən ən iri sosial etiraz dalğası kimi qiymətləndirilir.
 

Etirazlara səbəb isə kəskin bahalaşmadır və bəzi bölgələrdə hadisələr zorakılığa keçib. Fars agentliyi “məlumatlı mənbə”yə istinadla xəbər verir ki, cümə axşamı səhər qərbdə yerləşən Lurdaqan şəhərində polis və silahlı olduqları iddia edilən etirazçılar arasında toqquşmalar baş verib, ölənlər var.


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı səhər qərbdə yerləşən Kuhdeşt şəhərində Korpusla əlaqəli “Bəsic” könüllü yarımhərbi dəstəsinin bir üzvünün öldürüldüyünü açıqlayıb. Məlumata görə, ölən şəxs Amirhossam Xodaiyari Fərd olub, daha 13 “Bəsic” üzvü yaralanıb.

Etirazlar İran hakimiyyəti üçün mürəkkəb bir dövrə təsadüf edir. Ölkə iqtisadiyyatı Qərb sanksiyalarının təzyiqi altındadır, inflyasiya təxminən 40 faiz səviyyəsinə çatıb. Bundan əlavə, iyun ayında İsrail və ABŞ-ın İranın nüvə infrastrukturu və hərbi rəhbərliyinə yönəlmiş zərbələri də gərginliyi artırıb.
 

Rəsmi Tehran aksiyalara təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı dialoq mesajları ilə cavab verir. Hökumət nümayəndəsi Fateme Möhadcerani bildirib ki, hakimiyyət həmkarlar ittifaqları və ticarət nümayəndələri ilə birbaşa danışıqlar aparmağı planlaşdırır, lakin detallar açıqlanmayıb.


Son günlərdə ticarətçilər, mağaza sahibləri və bir sıra universitetlərin tələbələri aksiyalar keçirir, iri bazarlar bağlanır. Çərşənbə günü hakimiyyət soyuq hava şəraitini əsas gətirərək ölkə üzrə istirahət günü elan edib.

Qeyd edək ki, İran rialı 2025-ci ildə ABŞ dollarına nisbətdə təxminən 50 faiz dəyər itirib, dekabr ayında illik inflyasiya isə 42,5 faizə çatıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin