Hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri Alen Simonyanı Ermənistan parlamentinin spikeri vəzifəsindən uzaqlaşdırmaq üçün hərəkətə keçiblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadla yazıb.
Mənbə qeyd edib ki, partiyada Simonyanın fəaliyyəti ilə bağlı geniş narazılıq dalğası yaranıb.
Qəzetin məlumatına görə, partiyanın seçki siyahısı üçün namizədlər müzakirə edilən iclaslarda Simonyan həmkarlarına qarşı son dərəcə aqressiv davranıb.
“Mənbələrimiz bildirir ki, Simonyan və onun komandası partiya daxilində dominant mövqe qazanmaq üçün müxtəlif üsullara əl atıb, həmkarlarını baş nazir Nikol Paşinyanın gözündə pis göstərməyə çalışıb. “Vətəndaş Müqaviləsi” üzvlərinin bir qrupu Paşinyanla görüşüb Simonyanın “məkrli planları” barədə məlumat verməyə hazırlaşır”, – deyə qəzet yazıb.
Narazı üzvlər Simonyanın spiker postundan uzaqlaşdırılması üçün bütün addımları atmağa qərarlıdırlar. Eyni zamanda, partiya daxilində Paşinyanın Simonyandan narazı olduğu və artıq qərarını verdiyi vurğulanır.
Məlumatda həmçinin bildirilir ki, partiya rəhbərliyi gələcək parlament spikerinin namizədini uzun müddətdir müzakirə edir. 2026-cı il seçkilərində “Vətəndaş Müqaviləsi” əksəriyyət səsi qazansa, parlamentin rəhbəri kimi keçmiş ABŞ səfiri Lilit Makuntsun adı hallanır.
Xatırladaq ki, Alen Simonyan Qarabağın işğalı dövründə Ağdama gələrək əlində narla poz verib və “bura vətənimdir” deyib. Bu ilin yanvarında isə o, erməni jurnalistə səhv etdiyini bildirmişdi.
Bizim.Media

































































































