Tramp administrasiyası xaricdə ABŞ diplomatik mövqeyini yenidən formalaşdırmaq məqsədilə, prezident Donald Trampın “America First” (Öncə Amerika) prioritetlərini tam dəstəklədiyi hesab edilən kadrlarla işləmək üçün təxminən 30 diplomatı səfir və digər yüksək səviyyəli səfirlik vəzifələrindən geri çağırır.
Bizim.Media xəbər verir ki, bu barədə AP agentliyi yazıb.
Dövlət Departamentinin anonim qalmaq şərti ilə danışan iki rəsmisinin bildirdiyinə görə, ən azı 29 ölkədəki missiya rəhbərinə ötən həftə onların səlahiyyət müddətinin yanvar ayında başa çatacağı barədə məlumat verilib.
Bu diplomatların hamısı Bayden administrasiyası dövründə vəzifəyə başlamış, lakin Trampın ikinci prezidentlik müddətinin ilk aylarında əsasən siyasi təyinatlıları hədəf alan ilkin “təmizləmə”dən yan keçə bilmişdilər. Lakin çərşənbə günü Vaşinqtondan gələn bildirişlərlə onların yaxın zamanda vəzifələrini tərk edəcəkləri açıqlanıb.
Səfirlər prezidentin istəyi ilə vəzifədə qalırlar, baxmayaraq ki, adətən postlarda 3–4 il xidmət edirlər. Rəsmilərin sözlərinə görə, bu dəyişikliklərdən təsirlənən şəxslər xarici xidmət karyeralarını itirmirlər və istədikləri halda Vaşinqtona qayıdaraq digər vəzifələrdə işləyə bilərlər.
Dövlət Departamenti konkret rəqəmlər və ya hansı səfirlərin geri çağırıldığı ilə bağlı şərh verməkdən imtina edib, lakin dəyişiklikləri müdafiə edərək bunu “hər bir administrasiyada standart proses” adlandırıb. Qeyd olunub ki, səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin həmin ölkələrdə “America First” gündəliyini irəli aparacaq şəxslərlə işləmək hüququ var.
Ən çox təsirlənən regionlar
Afrika geri çağırılmalardan ən çox təsirlənən qitədir. 13 ölkədəki səfirlər vəzifədən çıxarılır:
Burundi, Kamerun, Kabo-Verde, Qabon, Fil Dişi Sahili, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda.
İkinci yerdə Asiya gəlir. 6 ölkədə dəyişikliklər olacaq:
Fici, Laos, Marşall adaları, Papua–Yeni Qvineya, Filippin və Vyetnam.
Avropada 4 ölkə təsirlənib:
Ermənistan, Makedoniya, Monteneqro və Slovakiya.
Bundan başqa, dəyişikliklər:
Yaxın Şərqdə: Əlcəzair və Misir,
Cənubi və Mərkəzi Asiyada: Nepal və Şri-Lanka,
Qərb yarımkürəsində: Qvatemala və Surinamı əhatə edir.
Səfirlərin geri çağırılması barədə ilk olaraq Politico nəşri məlumat yayıb. Bu addım bəzi qanunvericilər və amerikalı diplomatları təmsil edən həmkarlar ittifaqı arasında narahatlıq doğurub.
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin 16 fevral 2023-cü ildə İrəvana təyin edilib və Amerikanın Ermənistandakı onuncu səfiri olub. Bundan əvvəl o, 2020-2022-ci illər ərzində ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.
Bizim.Media




































































































