Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

Hazırda oxunan: Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

582535

Ermənistan hökuməti Türkiyənin “Kazancı Holdinq” şirkətinə daxil olan “Aksa Enerji”yə əsas enerji aktivlərinin satılması ilə bağlı danışıqlar aparır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sol Haber” nəşri yazıb.

İddiaya görə, söhbət “Ermənistan Elektrik Şəbəkələri”ndən (ENA) gedir. Son vaxtlar əvvəlki rəhbərliyin vəzifədən uzaqlaşdırılmasından sonra ENA müvəqqəti olaraq birbaşa Ermənistan Nazirlər Kabinetinin nəzarəti altına keçib. 

Mənbələrin məlumatına görə, sövdələşmənin müzakirəsi hələ iyun ayında — baş nazir Nikol Paşinyanın İstanbul səfəri zamanı başlanıb. Bu səfər Ermənistan liderinin Türkiyəyə ilk işgüzar səfəri idi. Analitiklərin ehtimalına görə, Paşinyan həmin dövrdə siyasi məsələlərlə yanaşı, bu obyektlərin türk investorlarına verilməsini də müzakirə edib.

Mətbuat yazır ki, İrəvan tərəfdən danışıqlara hakim “Vətəndaş Müqaviləsi” partiyasının nüfuzlu deputatı və iş adamı Xaçatur Sukiasyan rəhbərlik edir. O, biznes dairələrində Paşinyanın ən yaxın tərəfdarlarından biri sayılır. ENA-nın keçmiş rəhbəri Samvel Karapetyanın anti-hökumət fəaliyyətində ittiham edilərək həbsindən sonra aktivlərin dövlət nəzarətinə keçməsi prosesi sürətləndirilib. Ardınca şirkətin ölkədaxili elektrik enerjisinin paylanması üzrə lisenziyası ləğv olunub. Müşahidəçilər bunu şirkətin satışı üçün maneələrin aradan qaldırılması və xarici investora ötürülməyə hazırlıq kimi qiymətləndirirlər.

Mediada yayılan məlumatlara görə, məsələ yalnız enerji sektoru ilə məhdudlaşmır. Sukiasyanın türk şirkətlərinə digər strateji müəssisələrin, o cümlədən ölkənin ən böyük sənaye müəssisələrindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının mümkün satışı ilə bağlı məsləhətləşmələrdə də iştirak etdiyi bildirilir. 

Ekspert mühiti bunu Paşinyanın Türkiyə ilə iqtisadi yaxınlaşmanı hər vəchlə gücləndirmək siyasəti kimi qiymətləndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin