Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması ilə bağlı çağırışlar edən erməni bloqer İşxan Verdyan öz soydaşları tərəfindən ciddi təhdidlərə məruz qalır.
Bizim.Media xəbər verir ki, Verdyanın sülh çağırışları, eyni zamanda azərbaycanlılarla ermənilər arasında birgəyaşayışa maneə törədən təbliğatçıları ifşa etməsi bir qrup erməninin qəzəbinə tuş gəlib.
MÖVZU İLƏ BAĞLI:
“Rusdilli erməni telekanalları hər iki tərəfin əsl düşmənidir” – İşxan Verdiyan
Xüsusilə də, erməni teleqram kanalları Verdyanı təhqir və təhdid etmək üçün bir-biriləri ilə yarışa giriblər.
Hətta “Arcaxinfo” adlı teleqram kanalında İşxanın başına min dollar pul qoyulub. Digər kanallarda isə bloqerin ünvanına ağır təhqirlər yazılıb. Erməni revanşizminə qarşı mövqe tutan İşxanı bu ideologiyadan yaxa qurtara bilməyən soydaşları antimilli davranışda günahlandırırlar.
Belə ki, “Republic of Artsax” adlı teleqram kanalı bloqeri xüsusi hazırlanmış mərminin gözlədiyini yazıb.
“Mirotvoreç” adlı erməni teleqram kanalı isə, İşxanı Ermənistana “söhbətə” dəvət edərək, ermənilərin nəyi istəyib-istəmədiyini burada aydınlaşdırmağa çağırıb. Kanal Ermənistan hökumətini Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməsini revanşistcəsinə tənqid edərək, Verdyanın hərəkətlərini rəsmi İrəvanın bu mövqeyi ilə əlaqələndirib.
Ümumilikdə, isə İşxan Verdyan haqqındakı digər paylaşımlar da oxşar çağırışlar, təhdid və təhqirlərdən ibarətdir.
Qeyd edək ki, İşxanı soydaşlarının təhqir və tənqidlərinə məruz qoyan səbəb statuslarında Rusiyadakı erməni kanallarını sülhü pozmaqda ittiham etməsi və Ermənistanda xalqın barışıq istədiyini bildirən fikirlərə yer verməsi olub.
Xatırladaq ki, erməni hüquq müdafiəçisi, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün çağırışlar edən Georqi Vanyan da yaşadığı dövrdə oxşar təhdidlərə məruz qalırdı. Vanyan oktyabrın 11-də Tiflisdə dünyasını dəyişib. Hüquq müdafiəçisinin koronavirusdan vəfat etdiyi bildirilsə də, onun Qərbdə yaşayan ermənilər tərəfindən öldürüldüyü ehtimalı daha çox səsləndirilir.
Bizim.Media