Türkiyə və Ermənistan iki ölkə arasında İrəvan və Gümrü istiqamətində aviareyslərin sayının artırılması barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən illik beynəlxalq iki günlük “Orbeli Forumu: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” tədbirində çıxışı zamanı bildirib.
“İrəvan və Gümrü istiqamətində, yəqin ki, İstanbul və Ankaradan uçuşların sayını artırmaq barədə razılaşdıq”, – deyə o qeyd edib.
Bu kontekstdə Mirzoyan erməni-türk münasibətlərini erməni-azərbaycan münasibətlərinin əksi adlandırıb. Onun sözlərinə görə, uzun illər ərzində Ermənistan və Türkiyə vətəndaşları qapalı sərhəd şəraitində qarşılıqlı əlaqə qurub, ticarət münasibətləri inkişaf etdiriblər, baxmayaraq ki, bu əlaqələr üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi.
Azərbaycanla bağlı vəziyyətdə isə təmaslar hökumət səviyyəsində mövcuddur, lakin iki ölkə vətəndaşları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi vaxt tələb edir.
“Biz qəbul etməliyik ki, bu barışıq zaman istəyir. Hazırkı mərhələdə tam barışığın olmaması obyektivdir, çünki bu, hər iki cəmiyyətin daşıdığı dərin psixoloji travma ilə bağlıdır”, – deyə o bildirib.
Nazir vurğulayıb ki, bu, ağrılı, amma keçilməli olan bir prosesdir.
Bizim.Media




























































































