Ararat Mirzoyanı döyən şəxslərdən birinə AĞIR CƏZA - FOTO

Hazırda oxunan: Ararat Mirzoyanı döyən şəxslərdən birinə AĞIR CƏZA - FOTO

577879

Ermənistanda 2020-ci ildə baş verən səs-küylü döyülmə hadisəsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, Ararat Mirzoyanın (hazırda Ermənistanın xarici işlər naziri, hadisə baş verən vaxt isə parlament sədri idi) döyülməsi işi üzrə ittiham olunan Torqom Asatryan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bu iş üzrə daha əvvəl – 2024-cü ilin mayında digər təqsirləndirilən şəxs Ara Badoyan 3 il həbs cəzasına məhkum olunmuşdu.
 

Xatırladaq ki, hadisə 2020-ci il noyabrın 10-na keçən gecə, Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra baş vermişdi.


Həmin gün İrəvanda etiraz aksiyaları keçirilir, hiddətli izdiham hökumət və parlament binalarına soxulurdu. Məhz bu xaos zamanı o vaxtkı parlament sədri Ararat Mirzoyan etirazçılar tərəfindən döyülərək ağır xəsarətlər almışdı.

Erməni ictimaiyyətində hadisə uzun müddət müzakirə mövzusu olub. Bir çoxları Mirzoyanın döyülməsini “kapitulyasiya aktına imza atan hökumətin cəzası” kimi qiymətləndirirdi.

Hadisənin təfərrüatları isə illərlə gizli saxlanılmış, yalnız son illərdə istintaqın nəticələri açıqlanmağa başlamışdı.
 

Məhkəmənin hökmü ilə Torqom Asatryan təqsirli bilinərək cəzasını ciddi rejimli müəssisədə çəkəcək. Qeyd olunur ki, müdafiə tərəfi qərardan apellyasiya şikayəti vermək niyyətindədir.


Bu qərarla Ararat Mirzoyanın döyülməsi işi üzrə bütün əsas fiqurlar barədə məhkəmə prosesi faktiki başa çatmış sayılır.

Hadisə, Ermənistanın siyasi tarixində müharibədən sonrakı xaosun və ictimai qəzəbin ən simvolik hadisələrindən biri kimi xatırlanır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin