Sarkisyanın istefası heç bir problemi həll etməyəcək – Parlamentdə fraksiya lideri

Hazırda oxunan: Sarkisyanın istefası heç bir problemi həll etməyəcək – Parlamentdə fraksiya lideri

56802

Prezident Armen Sarkisyanın istefası dövlətin qarşısında duran heç bir problemi həll etmədiyi üçün gec idi və öz mənasını itirib.

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində parlamentdə “Mənim şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, sağlam siyasi məntiq çərçivəsində ölkənin indiki hakimiyyətinin davranışını anlamaq kifayət qədər çətindir, hətta mümkün deyil.

“Aydındır ki, Sarkisyan dövlətimiz üçün ən çətin situasiyalarda və ən mühüm proseslərdə Konstitusiyanın ona verdiyi minimum səlahiyyətlərdən istifadə etməyib. O, böhranlı vəziyyətlərin həllinə kömək edə və  düşdüyümüz fəlakətli vəziyyətin qarşısını ala bilərdi”, - deyə siyasətçi qeyd edib.

Bütün bunları nəzərə alaraq Vanetsyan prezidentə təzyiq olub-olmamasını və ya könüllü istefa verib-verməməsini əhəmiyyətsiz hesab edir.

Bundan başqa, siyasətçinin fikrincə, Sarkisyan fəaliyyəti dövründə təzyiqlərə məruz qalmayıb və baş nazir Nikol Paşinyanla fəal əməkdaşlıq edib.

"Namizədimizin irəli sürülməsinin mümkünlüyünə gəlincə, biz bunu həm Vətən Partiyasında, həm də "Mənim şərəfim var" fraksiyasında müzakirə etməliyik. Bunun üçün vaxt lazımdır, istefa isə bir neçə saat əvvəl olub", - fraksiya lideri yekunlaşdırıb.

Yanvarın 23-ü axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini açıqlayıb. O, qərarını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə izah edib.

Prezident hər zaman konstitusiya islahatlarının tərəfdarı olduğunu və faktiki olaraq hökumətin konstitusiya islahatları ilə bağlı komissiya yaratdığını və prosesə start verdiyini vurğulayıb.

Sarkisyan ümid edir ki, konstitusiya dəyişiklikləri baş tutacaq və növbəti dövlət başçısı və prezident institutu daha balanslı və koordinasiyalı şəraitdə işləyə biləcək.

Konstitusiyaya görə, Ermənistanın yeni prezidentinin namizədliyi həm iqtidar, həm də müxalifət tərəfindən irəli sürülə bilər, çünki namizədliyin irəli sürülməsi üçün deputatların ¼-nin səsi tələb olunur.

Yeni prezident səlahiyyət müddəti bitdikdən və ya hazırkı prezidentin istefasından 25 gün sonra və 35 gündən gec olmayaraq seçilə bilər.

O, parlament tərəfindən seçiləcək. Namizədin yaşı 40-dan yuxarı olmalı, son altı il ərzində Ermənistanda daimi yaşamalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin