Aksiz dərəcələri ilə bağlı dəyişikliklər hansı məhsullara şamil ediləcək? - Vergi Xidmətinin ŞƏRHİ

Hazırda oxunan: Aksiz dərəcələri ilə bağlı dəyişikliklər hansı məhsullara şamil ediləcək? - Vergi Xidmətinin ŞƏRHİ

51916

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri bəzi aksizli malların aksiz dərəcələrinin artırılması və aksizli malların siyahısına yeni məhsulların əlavə edilməsi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən  bildirilib.

Dəyişikliyə əsasən, 2022-ci ilin yanvarın 1-dən Azərbaycan Respublikasında istehsal olunan içməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manatdan 14 manata qaldırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yanvarda siqaretin qiyməti yenidən BAHALAŞACAQ – SƏBƏB


Eyni zamanda, növbəti ildən etibarən, qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.

Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2 dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub.

Bu dəyişikliyin məqsədi ölkədə avtomobil parkının yenilənməsinin stimullaşdırılması və ekologiyaya mənfi təsir edən avtomobillərin gətirilməsinin məhdudlaşdırılmasıdır.
 

Bu səbəbdən idxal edilən və istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinə münasibətdə hesablanmış aksiz məbləğinə yüksəldici əmsalların tətbiqi ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı ƏDV-dən azad edilib.


Nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq olunan aksiz dərəcələrinin artımı isə mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə şamil edilir. Nəticədə bu dəyişikliyin əhalinin sosial cəhətdən həssas hissəsinə təsirləri gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin