İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycan bu müharibədə qələbə qazandı. Ermənistanın məğlubiyyəti regionda geosiyasi vəziyyəti dəyişdi. Hazırda Zəngəzur dəhlizi layihəsinin icrasına başlanılır.
Türkiyə və türk dünyası artıq davamlı olaraq bir-biri ilə bağlı olacaq. Nəticədə quru ticarəti reallığa çevriləcək.
Bizim.Media xəbər verir ki, bu fikirlər “CNN Türk”də dərc edilən məqalədə yer alıb.
Mənbə qeyd edir ki, Azərbaycanda Türkiyə ilə yeni nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. Nəticədə Zəngəzur mahalından keçməklə quru və dəmir yolu xətləri ölkənin qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.
Bu dəhliz türk dünyasını Egey dənizindən Türküstana birləşdirəcək strateji məntəqədir.
CNN Türk vurğulayır ki, Qarabağda məğlubiyyətə uğrayan Ermənistan çətin şərtlərlə barışmaq məcburiyyətində qalıb. Sazişin bəndlərindən biri də Naxçıvanla Azərbaycan arasında avtomobil dəhlizinin yaradılmasıdır.
Bu bəndin həyata keçirilməsi ilə muxtar respublika Azərbaycanın qalan hissəsi ilə quru yolla əlaqə saxlayacaq.
Türkiyənin Naxçıvanla əlaqələrinin kökü çox qədimlərə gedib çıxır. Bu bölgə milli mübarizə zamanı da Ankaranın yaddaşından silinməyib. Bölgənin taleyini həll etməli olan Moskva müqaviləsini imzalamaq üçün öz nümayəndə heyətini Rusiyaya göndərən Mustafa Kamal Atatürk belə deyib: “Naxçıvan türk qapısıdır. Bu problemi həll etmək üçün əlinizdən gələni edin”.
Rusiya ilə o zaman Türkiyə Böyük Millət Məclisi arasında müqavilə imzalanıb. 1921-ci il 16 mart tarixli sənədə əsasən Naxçıvan Azərbaycanın muxtar vilayəti elan edilib.
İllər keçdikcə Atatürkün sözləri daha da böyük məna kəsb edir. O sözlərin niyə belə deyildiyi aydın olur.
Bölgə Türkiyə ilə Azərbaycanı və türk dünyası ilə əlaqəni təmin edən strateji xarakter daşıyır.
Türkiyə nəşri bildirir ki, Atatürkün iradəli qərarı olmasaydı, Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət elan edilməyəcəkdi, Türkiyənin Azərbaycanla sərhədi olmacaqdı və bu gün Zəngəzur dəhlizi reallaşmayacaqdı.
Bizim.Media