Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” hakim fraksiyasının üzvü, xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyanın təşəbbüsü ilə bu partiyanı təmsil edən deputatlar İrəvan şəhərində Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Liparityanla qapalı iclas keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, görüşün təşkili ideyası baş nazir Nikol Paşinyana məxsusdur.
Məlumata görə, Paşinyan indiki Miçiqan Universitetinin professoru Liparityanı “Ağ kağız” kitabının tezislərini təbliğ etmək üçün parlamentə “göndərib”. Kitabda deyilir ki, ermənilər türklərlə heç bir şərt qoymadan mehriban qonşuluq münasibətləri qurmalı, “soyqırım”la bağlı tələbləri tanımaqdan imtina etməli, Azərbaycanla sülh müqaviləsi imzalamalı və Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şərt irəli sürməməlidir.
“Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlamazdan əvvəl Paşinyan öz komandasını hazırlamalıdır, çünki sənəd parlament tərəfindən ratifikasiya edilməlidir. O, “Vətəndaş müqaviləsi”ndə onun proqramlarına müdaxilə etməyə cəsarət edən vətənpərvərlərin ola biləcəyindən narahatdır. Liparityan hakim partiyadan olan qanunvericiləri inandırmağa çalışıb ki, müharibədən sonra ermənilər heç bir rol oynaya bilməzlər. Ölkənin mövcudluğunu qoruyub saxlamağın yeganə yolu Azərbaycan-Türkiyə tandeminin şərtlərini qəbul etmək və münasibətləri yaxşılaşdırmaqdır”, - deyə erməni qəzeti yazır.
Bildirilir ki, Liparityan deputatlara statusla bağlı hər hansı sualın qaldırılmasının düzgün olmadığını da deyib. O, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı “yol” və “dəhliz” anlayışları arasında həll yolunu tapmağın vacibliyini bildirib. Keçmişə ekskursiya edən Liparityan bildirib ki, ərazilərin qaytarılması qaçılmazdır, çünki hələ 90-cı illərdə beynəlxalq birlik bu əraziləri işğal olunmuş kimi tanıyıb.
Deputatlar soruşublar ki, niyə birinci prezident Ter-Petrosyan qalib kimi bu məsələni həll etməyib.
Liparityan keçmiş müdafiə naziri Vazgen Sarkisyana eyham vuraraq tərəfdaşlarının ona buna imkan vermədiyini deyib.
Liparityan onu da vurğulayıb ki, hazırda Ermənistanın xarici siyasəti yoxdur.
Eyni zamanda qəzet iclasda 20-25 deputatın iştirak etdiyini və onların heç də hamısının Liparityanın fikirləri ilə razılaşmadığını qeyd edib.
Bizim.Media