Bazar ertəsi səhər İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Bəzi küçələrdə nəqliyyatın hərəkəti demək olar ki, bağlanıb.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, aksiyaların təşəbbüskarları həm siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də adi vətəndaşlardır.
Nəşrin verdiyi məlumata görə, Vəkillər Palatasının keçmiş rəhbəri, "Zartonk" (Dirçəliş) partiyasının rəhbəri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçirirlər.
Qeyd edək ki, Zöhrabyan bir müddət əvvəl öz Facebook səhifəsində “azadlıq hərəkatının” başlanması barədə yazmışdı. Məqsədi Ermənistanın maraqlarına zidd olan sərhədlərin demarkasiyası və delimitasiyasına mane olmaq, o cümlədən imzalanması nəzərdə tutulan sənədlərin dərcini tələb etməkdir.
Zöhrabyanın sözlərinə görə, hərəkat iştirakçıları hakimiyyətdən Ermənistanın ərazi bütövlüyünün qorunmasını tələb etmək niyyətindədirlər.
"Bizim mübarizəmiz dövlətçiliyin qorunmasına yönəlib. Ölkənin təhlükəsizliyi hər birimizin əlindədir – Zəngəzurdan (Sünik)Tavuşa, Şirakdan Qarabağa (qondarma Artsax rejimi nəzərdə tutulur) qədər", - Zöhrabyan yazıb.
“Zartonk”un lideri onu da bildirib ki, o və tərəfdarları noyabrın 22-də saat 17:00-da Respublika meydanında mitinq keçirmək istəyirlər.
Ermənistan paytaxtının Myasnikyan prospekti səhər saatlarında “Kamk” (“İradə”) hərəkatının lideri Vaaqn Çaxalyan və “Sasna Tsrer” qruplaşmasının üzvü Pavlik Manukyanın təşəbbüsü ilə bağlanıb. Onlar Ermənistanın və erməni xalqının maraqlarının müdafiəsində ictimai fəallığı tələb edirlər. Aksiya iştirakçıları əllərində “Mən biganə deyiləm”, “Mən müdafiəsiz deyiləm” məzmunlu plakatlar tutublar.
Jurnalist və ictimai xadim Nairi Oxikyan və tərəfdarları Qələbə körpüsündə aksiya keçirirlər.
Etirazçıların əsas tələbi Zəngəzurdan keçən “dəhliz”in açılmasının qarşısını almaqdır. Polis yolu açmağa və nümayişçiləri oradan çıxarmağa çalışır. Onlar, həmçinin bazar ertəsi saat 17:00-da İrəvanda Respublika meydanında toplanacaqlarını açıqlayıblar.
Bizim.Media