Yadınızdadırmı, “məxməri inqilab”dan sonra Paşinyan və komandası iddia ilə ermənilərin öz vətənlərinə kütləvi surətdə qaytarılacağını bəyan etmişdilər. Artıq 3 ildən çox vaxt keçib, hakimiyyət bu mövzuda danışmır, lovğalanmaqdan əl çəkib və əhalinin Ermənistandan kütləvi şəkildə getdiyini göstərən rəqəmlər isə mütəxəssisləri və ictimaiyyəti narahat edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri "Ermənistanın səsi" nəşrinə müsahibəsində sosioloq, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademiki Gevorq Poqosyan səsləndirib.
Onun sözlərinə görə, təkcə bu ilin ilk altı ayında 22 min əhali Rusiya vətəndaşlığını qəbul edib:
“Bu, son bir neçə ilin tendensiyalarına nəzər salsaq, rekord göstərici idi. 2017-ci ildə isə hakimiyyət dəyişməyənədək bu rəqəm yarıbayarı idi. Diqqət yetirin: bunlar yalnız vətəndaşlıq üçün müraciət edən və vətəndaşlıq alan insanlardır. Rusiya vətəndaşlığı olmayanlar artıq onu əldə etməyə çalışırlar.
Biz uzun müddətdir ki, miqrasiya meyllərini, onun istiqamətlərini və təbii ki, səbəblərini öyrənirik. Ermənistandan köçün həmişə iki əsas səbəbi olub.
Birincisi işdir. Vətənində iş tapa bilməyən və ya maaşın səviyyəsindən qane olmayan insanlar çıxıb gedir. Həmişə belə olub. Onların 80%-i Rusiyaya gedir. İkinci səbəb siyasidir və 30 il ərzində bu, aktuallığını qoruyub saxlayıb: müharibə təhlükəsi, Qarabağ münaqişəsinin nizamlanmaması və s. Müharibədən sonrakı vəziyyət yuxarıda göstərilən hər iki səbəbi daha da ağırlaşdırıb və təhlükəsizlik problemini çox aktual edib”.
Poqosyan hesab edir ki, həmvətənlərimiz, xüsusən də sərhədyanı rayonlarda yaşayanlar daimi ekzistensial təhlükə altındadırlar.
“Onlar hər gün Azərbaycan ordusunun əsgərlərini görürlər. Vətəndaşlarımızın bizim əsgərləri görməməsi, Ermənistan hakimiyyəti tərəfindən heç bir müqavimətin göstərilməməsi insanları istənilən ssenariyə hazır olmağa sövq edir. Sabah düşmən sadəcə onların evinə daxil ola bilər. Sözün əsl mənasında bu, böyük psixoloji diskomfort yaradır və ağlına ilk gələn şey ordan ayrılmaqdır.
Sərhəd kəndləri belə viran edilir. Biz əvvəllər də analoji prosesi müşahidə etmişdik, lakin itirilmiş müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri bilavasitə bizim sərhədimizdə, hətta ərazimizdə olanda bu, həqiqətən də insanlar üçün ekzistensial problemdir. Get, özünü, ailə üzvlərini xilas et. Ən pisi isə odur ki, Ermənistan hakimiyyəti heç nə etmir. Azərbaycan həqiqətən də ölkəni müharibə etmədən ermənizisləşdirir, hakimiyyət isə heç bir müqavimət göstərmir”.
Sosioloq vurğulayır ki, Ermənistanın silahsızlaşdırılması Türkiyənin tarixi arzusudur:
“Türklər çoxdan buna başlayıblar, erməniləri ölkələrindən tamamilə təmizləyiblər, indi sıra Ermənistana çatıb. Ancaq son vaxtlara qədər sual sırf siyasi, tarixi, spekulyativ idi. İndi bu, düşmənçilik xarakteri daşıyır.
Müharibəyə başlamaq lazım deyil. Sadəcə ermənilərin ərazidən getmək instinktini işə salmaq üçün düşmənin Silahlı Qüvvələrini erməni yaşayış məntəqələrinin bilavasitə yaxınlığında yerləşdirmək kifayətdir. Düşmən praktiki olaraq evimizdədir. Atəş etməsə belə, bu, insanın zəifliyini hiss etmək üçün kifayətdir.
Beləliklə, bir tərəfdən türklər çoxillik tarixi proqramını həyata keçirir, digər tərəfdən də hökumətimiz buna heç bir şəkildə qarşı çıxmır.
Əhali hakimiyyətin çarəsizliyini görür, nəticədə isə çantalarını yığmağa məcbur qalır. Sentyabr ayına olan informasiyaya görə ölkəni 9 ay ərzində 102 min nəfər birdəfəlik tərk edib. Əvvəllər isə hər il ölkədən orta hesabla 30-35 min nəfər gedirdi. 102 min artıq fors-majordur, il isə hələ bitməyib.
Belə davam edərsə, tam bir fəlakətlə üzləşəcəyik. Biz nə etməliyik? Dərhal birləşməli, ümumxalq səfərbərliyi elan etməli, milli hakimiyyətimizi yaratmalı, müdafiə qüdrətimizi çoxaltmalıyıq. Əks halda Ermənistan Türkiyə-Azərbaycan peykinə çevriləcək. Bu, bir reallıqdır...”.
Bizim.Media