Ermənistan parlamentində oktyabrın 26-da keçirilən iclası deputatların növbəti davasına görə yarımçıq qalıb.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyanın mikrofonu söndürülərək parlamentin tribunasından zorla endirilib.
Xatırladaq ki, Manukyanın sərt bəyanatından sonra dava düşüb. Müxalifətçi “Qarabağdan əl çəkən və unudan vətən xainidir” deyib.
Bu sözləri o, bir neçə dəfə təkrar edib. Daha sonra iclasa sədrlik edən hakim “Vətəndaş müqaviləsi” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyan həmkarını sakitliyə çağırıb.
“Cənab Manukyan, etika qaydaları var. Onları pozmayın. “Vətən xaini” dedin. Onda mənə açıq deyin, kimi nəzərdə tutursunuz? "- Rubinyan deputata müraciət edib.
Manukyan cavab verib ki, o, əvvəllər çıxış edən hakim partiyadan olan deputat Vigen Xaçatryanın açıqlamalarına münasibət bildirib.
“Deməli, Vigen Xaçatryan satqındır? Cənab Manukyan üçün mikrofonu söndürün. Sizdən parlament tribunasını tərk etməyinizi xahiş edirəm”, deyə vitse-spiker qeyd edib.
Manukyan bundan imtina edib, daha sonra Rubinyan parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarından deputatı tribunadan çıxarmağı xahiş edib. Manukyan tribunadan getməyə məcbur olub.
Parlamentin vitse-spikerinin bu davranışı iqtidar deputatlarla müxalifət arasında davaya səbəb olub. Nəticədə Rubinyan 20 dəqiqəlik fasilə elan etmək məcburiyyətində qalıb.
Bizim.Media