Oktyabrın 9-da Gürcüstanın Batumi şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binanın çökməsi və 9 nəfərin ölümü ilə nəticələnən hadisə haqqında başladılan cinayət işi üzrə istintaq davam edir.
Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Strateji Əlaqələr Departamentinin direktoru Ketevan Kovziaşvili bildirib.
MÖVZU İLƏ BAĞLI:
Batumidə uçan binaya görə günahlandırılan azərbaycanlının məhkəməsi KEÇİRİLİR
O, “Binanın çökməsində həqiqətənmi Batumidə yaşayan azərbaycanlı vətəndaşı günahkardır?” sualına cavab olaraq bildirib ki, bu barədə heç bir məlumat verə bilməz. Çünki hazırda istintaq gedir.
Xatırladaq ki, Gürcüstanın “Mtavari arxi” telekanalı Batumidə çökən binaya görə saxlanılan üç şəxsdən biri Zaur Budaqov adlı Azərbaycan vətəndaşı olduğu haqqında məlumat yayıb.
Məlumatda Z.Budaqovun həmin binadakı mənzilində aparılan təmir-bərpa işlərində təhlükəsizlik qaydalarının kobud şəkildə pozduğu qeyd olunub. Onun mənzil və zirzəminin birləşdirilməsi xahişi ilə oktyabrın 4-də Dövlət Reyestrinə müraciət etdiyi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Batumidəki yaşayış binası BELƏ ÇÖKDÜ - ANBAAN VİDEO
Bina çökməsi zamanı xəsarət alanların vəziyyəti barədə məlumat almaq üçün Acara Səhiyyə naziri, Nino Nijaradze ilə əlaqə saxlasaq da o suallarımızı cavabsız qoyub.
Qeyd edək ki, oktyabrın 9-da binanın çökən tərəfində 18 ailə yaşayırdı.
Vüsalə Balayeva, Bizim.Media