Avropada yeni silahlanma yarışı - Almaniya geri qayıdır 

Hazırda oxunan: Avropada yeni silahlanma yarışı - Almaniya geri qayıdır 

4018

Yaxın günlərdə Alman Müdafiə Naziri Annegret Kramp-Karrenbauer, Rusiya ilə silahsızlaşdırma mövzusunda "güc mövqeyindən" danışmaqla bağlı cağırış edib. Almaniyalı nazir Rusiyanın ancaq bu dildən başa düşdüyünü də sözlərinə əlavə edib.

Almaniyanın son dövrlərdə güc amilinə bu qədər üstünlük verməsinin altında yatan səbəblər isə maraqlıdır. Nəzərə alsaq ki, ABŞ Donald Trampın hakimiyyəti dövründə Avropadakı hərbi bazalarının sayını azaltmış və Almaniyadakı hərbi kontingetini Şərqi Avropa ölkələrinə köçürmüşdü. Tramp əlavə olaraq Avropanın ABŞ-ın onları müdafiə etməsi üçün xərc çəkməli olduğunu da bildirmişdi. Bu isə Avropanın ABŞ bazalarının xərclərini qarşılamadığı təqdirdə, yenidən Rusiya təhdidi ilə üzbəüz qalacağı demək idi.

Avropa ölkələri 2004-cü ildə əldə olunan razılaşmaya əsasən 2024-cü ilə qədər NATO büdcəsinə öz milli gəlirlərinin 2% həcmində pay ayıracaqlarını açıqlamışdılar. Almaniya isə NATO büdcəsinin əsas hissəsini təmin etməkdən əlavə, ABŞ hərbi kontingentinin saxlanması üçün 10 il ərzində 1 milyard dollar xərc çəkildiyini bildirmişdi. Artan xərclər təkcə Almaniya üçün yox digər Avropa dövlətlərinin iqtisadiyyatı üçün də təhdidləri bərabərində gətirir.

ABŞ-ın NATO tərkibində aktiv rolunu azlatması nəticəsində yaranmış boşluğu hansı dövlətin dolduracağı isə sual altındadır. Fransa bu vəzifəyə namizəd olsa da, bütün Avropanın müdafiəsini təşkil edəcək hərbi və istisadi infrasturuktura malik olmadığı ortadadır. Digər güclü Avropa ölkəsi olan Britaniyə isə Avrozonadan ayrılıb və müstəqil şəkildə hərbi gücünün artırılması istiqamətində işlər görməyə başlayır.

Geridə isə Avropanın istisadi infrasturukturunun əsasını təşkil edən Almaniya qalır. Bütün gözlər Almaniyaya çevrildiyi bir vaxtda Almaniya öz təmkinliliyini qoruyur. ABŞ, Britaniya və Fransa bu günə qədər Almaniyanın II Dünya müharibəsindən sonra silahlanmasına qarşı siyasət yürüdüblər. İndi isə ortaq Rusiya təhdidi Avropanı qorumaq üçün Almaniyanın silahlanmasını zərurətini ortaya çıxarır.

Almaniya öz maddi bazası və texnoloji imkanları ilə çox qısa müddətdə ən müasir səviyyədə silahlanma imkanına malik ölkədir. Ciddi iqtisadi bazası da Almaniyanın bütün Avropanın hərbi gücünü çiyinlərində daşıması üçün yetərlidir. Lakin silahlanmış Almanya bütün Avropanın tarixdən gələn qorxulu yuxusudur. Xüsusilə də son illərdə Alman hərbiçiləri arasında neo-nasist ideologiyanın mənsublarının artması fonunda silahlanma ehtimalı daha dəhşətli görünür.

Digər Avropa ölkələri də bunun fərqindədirlər. Məhz bu səbəbdən Avropa liderliyi uğrunda mübarizəni davam etdirməkdə qərarlı olan Fransa bütün regionlarda öz sözünü deməyə çalışır. Şərqi Aralıq dənizində Türkiyə ilə yaşanan ziddiyyət də Fransanın regional rola yiyələnmək istiqamətində atdığı addımların nəticəsidir.

Bazar günü Böyük Vətən Müharibəsinin 75-ci il dönümü münasibətilə keçirilən tədbirdə Rusiya Müdafiə naziri Sergey Şoyqu alman həmkarının açıqlamasına münasibət bildirib. O, Almaniyanı babası və anası məktəb direktoru olan uşağa bənzədib.

Almaniya hər istədiyini edə bilər, amma yaddan çıxarır ki, biz başqa məktəbdəyik və bizim başqa direktorumuz var. Şoyqu Almaniyanın xarici siyasətdə güc amilindən istifadə etməklə XX əsrdə nələrə səbəb olduğunu bir daha xatırladıb. Oxşar nəticələrin gələcəkdə də baş verməməsi üçün çalışacaqlarını qeyd edib.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin