“AzerGold” QSC regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq QSC-nin nəzərdə tutduğu tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb.
Layihənin icrası ilə tanışılıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold”un Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar.
“AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov layihə barədə ətraflı məlumat verib. O qeyd edib ki, emal sahəsinin yaradılmasının əsas məqsədi istehsal prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsidir. ÇİRES-in fəaliyyəti layihələrin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılması və bölgədə iqtisadi fəallığın artırılmasına xidmət edir.
Tədbirdə layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə “AzerGold”un geoloqlarının “Çovdar” yatağının yaxınlığında kəşf etdiyi və bu ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil etdiyi “Ağyoxuş”un istismara verilməsi üzrə görülən işlər barədə geniş bəhs edilib.
Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.
Z.İbrahimovun sözlərinə görə, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində “Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.
“Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Region
12:42 / 30.11.2020
“AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib
Hazırda oxunan: “AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib
Hazırda oxunan: “AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib
3892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.