Nuru Paşanın döyüşləri idarə etdiyi qərargahdan REPORTAJ

Hazırda oxunan: Nuru Paşanın döyüşləri idarə etdiyi qərargahdan REPORTAJ

37670

1918-ci ildə daşnak-bolşevik birləşmələrinə qarşı Azərbaycana yardıma gələn Qafqaz İslam Ordusunun qərargahlarından biri də Ağsu rayonunun Padar və Külüllü kəndləri arasındakı, hər iki tərəfdən Girdiman çayı ilə əhatələnən Bilal Əfəndi məscidindən yerləşib.

Qərargah rəisi Rüştü Türkcan şirin suyu olan Girdiman çayının içində ada kimi görünən Bilal Əfəndi məscidini qərargah kimi seçmişdi.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa da bir müddət döyüşləri məhz bu qərargahdan buradan idarə edib.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlili bildirib ki, Qafqaz İslam Ordusunun Gəncədən sonrakı hərbi qərargahları Ucar rayonu ərazisindəki Müsüslü kəndində və Göyçayın şəhər mərkəzində, Sadıq bəy Ağababayevin evində olub:
 

MÖVZU İLƏ BAĞLI:

Nuru Paşa: “Kaş ölərdim, ancaq Azərbaycan türklükdən kənar qalmazdı” - Vəfatından 72 il ötür


“Nuru Paşa Ucar və Göyçaydakı qərargahlarda dəfələrlə Əliağa Şıxlinski və digər zabitlərlə görüşüb, yerli əhalinin müdafiəsi, döyüş planlarının icra edilməsi barədə müzakirələr aparıb, döyüşlərin gedişini izləyib və düşmənə sarsıdıcı zərbələrin vurulması ilə bağlı planlar cızıb”.

1918-ci ildə Qafqaz İslam Ordusu azərbaycanlı və Osmanlı ordusunun zabit və əsgərlərindən təşkil olunmuşdu. İlk ağır döyüş Göyçay ərazisində qeydə alınıb, şəhər ərazisində və Qaraməryəm kəndində qanlı döyüşlər gedib. Qafqaz İslam Ordusu burada ağır itkilər versə də, erməni daşnaklarını tərki-silah edə bilib.

Daha sonra yerli əhalinin müdafiəsi təşkil edilib. Ordu Qaraməryəm tərəfdən şərqə doğru hərəkət edib və daha çox bol suyun olduğu yerdə məskən salmaq qərarı verilib. Belə bir yer üçün isə Bilal Əfəndi məscidi uyğun olub.

“Bu məsciddə Nuru Paşa dəfələrlə olub, iyulun 3-dən 6-dək gedən qanlı döyüşləri də buradan idarə edib. Bu barədə ordunun qərargah rəisi Rüştü Türkcanın hesabatlarında da qeyd olunub. Həmin sənədlərdə bu hadisələr günbəgün qeydə alınıb”, - deyə tarixçi bildirib.

Ağsu şəhəri 1918-ci il iyulun 6-da düşməndən azad olunub. Nuru Paşa döyüşə başlamağa əmr verdikdən sonra, həmin gün günorta saatlarında yenidən Gəncəyə qayıdıb.

Fariz Xəlili deyib ki, Ağsu erməni daşnaqlarından azad edildikdən sonra 10-cu və 13-cü alaylar Bakı istiqamətində hərəkətə başlayıb. Onuncu alay Ağsunun dağlıq ərazilərini götürməli və yuxarı ərazilərdən hücumların qarşısı alınmalı idi.
 

On üçüncü alay da Ağsu şəhərinə doğru hərəkət etməli idi. Beləliklə, ordu günbəgün Şamaxı şəhərinə yaxınlaşıb. Şamaxıya çatanda artıq yerli əhali tərəfindən buradakı erməni dəstələri tərki-silah olunmuşdu. Şamaxıdan Biləcəriyə qədər elə də böyük döyüş olmur. Qafqaz İslam Ordusu Bakını azad etməyə tələsirdi.


Biləcəri döyüşü avqustun 5-də baş verib və məğlubiyyətlə nəticələnib. Çünki əsgərlər uzun yoldan gəlmiş və yorğun idilər. Sonra Qafqaz İslam Ordusu Güzdək və Hökməli istiqamətində yerləşib.

Sentyabrın 15-də isə Bakı ətrafındakı yerli əhalinin də Qafqaz İslam Ordusuna dəstək verməsindən sonra “Qurd qapısı” tərəfdən Bakıya daxil olan əsgərlər şəhəri qızğın döyüşlərdən sonra düşməndən azad ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin