Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi.
Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə Laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.
Bizim.Media xəbər verir ki, bu hadisədən bir ay sonra “Telegram” kanallarında İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa davam etdiyini göstərən görüntülər paylaşılıb.
11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb.
İddialara görə, iranlılar Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur.
Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb.
Bizim.Media