“Azərbaycan Rusiya sülhməramlıların mandatı ilə bağlı danışıqlara başlaya bilər”
Bizim.Media xəbər verir ki, bu sözləri “armeniansputnik.am”a müsahibəsində erməni politoloq Benyamin Poqosyan Hikmət Hacıyevin fikirlərini şərh edərkən deyib.
Erməni politoloqun fikrincə, üçtərəfli bəyanatın hüquqi baxımdan bir sıra çatışmazlıqları var və rəsmi Bakı onu başqa bir sənədlə əvəz etmək istəyir.
Poqosyan ilk öncə Qarabağ müharibəsindən əvvəl Bakının "Qarabağ Azərbaycandır!" bəyanatına diqqət çəkib.
MÖVZU İLƏ BAĞLI:
Poqosyan: “Ya sülhə zəfərlə nail olacağıq, ya da düşmən bizi sadəcə məzara göməcək”
O, 44 günlük savaş və Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra Bakının siyasətini dəyişdirməsinə heç bir ehtiyacın olmadığını da bildirib.
"Buna görə də, Azərbaycan Rus sülhməramlılarının mövcudluğunu müvəqqəti elan edə bilir. Bəyanatın özündə qeyd olunur ki, sülhməramlılar 5 il qala bilər, bundan sonra tərəflərdən biri etiraz etməsə, mandat avtomatik olaraq uzadılacaq. Amma bu, çox qeyri-müəyyəndir və tərəflərdən biri əleyhinədirsə, bunu sülhməramlıların avtomatik olaraq gedəcəyi formasında şərh etmək doğru deyil", - Poqosyan deyir.
Onun sözlərinə görə, mövcud Rusiya siyasətinə görə, Moskva 2025-ci ilin noyabrında regiondan ayrılmaq fikrində deyil (Bu Azərbaycan üçün arzuolunan bir ssenari olsa da).
"Bu danışıqlar Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğunu hüquqi cəhətdən müəyyən etmək məqsədi daşıyır. Mümkündür ki, hər iki tərəf sülhməramlıların 10 Noyabr 2020 -ci il tarixli bəyanata əsasən mandatın avtomatik olaraq uzadılmasına əsaslanaraq qalmağa davam etmələrini istəsinlər - bu hüquqi baxımdan olduqca problemlidir", - deyə Poqosyan bildirib.
Politoloq onu da qeyd edib ki, həm Rusiya, həm də Azərbaycan gələcəkdə sülhməramlıların mövcudluğunu daha güclü hüquqi əsaslarla müəyyən edəcək saziş üzrə danışıqlara başlaya bilər.
Xatırladaq ki, Preizdentin köməkçisi Hikmət Hacıyev sentyabrın 5-də “bbc”-ə verdiyi müsahibəsində "Rusiya sülhməramlılarının Qarabağdakı mandatı ilə bağlı əlavə hüquqi mexanizmlərlə bağlı müəyyən müzakirələr hələ də davam edir", - deyə qeyd etmişdi.
Bizim.Media