Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları bahalı avtomobil nömrələrini oğurlamaqda və sonra fidyə tələb etməkdə şübhəli bilinən vətəndaşları tutub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı qurumun saytına istinadən yayıb.
Mənbə bildirir ki, hökumətin 2010-cu il tarixli qərarından (avtomobil nömrəsi itirildiyi təqdirdə, bərpa edilmir, sahibi yeni nömrə almalıdır) sui-istifadə edənlər vətəndaşlardan pul qoparırlar.
Xüsusilə, cinayətkarlar gecə saatlarında İrəvanın müxtəlif bölgələrində avtomobillərdən bahalı nömrələri çıxarıb yaxınlıqda gizlədirlər və sonra nəqliyyat vasitələrinin şüşələrində Telegram istifadəçilərinin adlarını yazırlar.
Avtomobil sahibi də nömrələri qaytarmaq üçün onlarla əlaqə saxlayır, qarşı tərəf də hesablarına (kriptovalyutalar şəklində) pul köçürmələrini tələb edirlər.
Bu şəxslər, 2021-ci ilin aprelindən başlayaraq onlarla nömrəni oğurlayıblar və sahiblərini kripto valyuta almağa və pullarını cüzdanlarına köçürməyə məcbur ediblər. Bundan sonra nömrələrin harada olduğu sahiblərinə bildirilib.
Bununla bağlı FTX-nın əməkdaşları daha iki vətəndaşı təsbit edərək tutub. Onlar əməllərini etiraf edib. Vətəndaşlara artıq həbs cəzası kəsilib.
Qurum bənzər bir vəziyyət olduğu təqdirdə, vətəndaşları hadisəni hüquq-mühafizə orqanlarına bildirməyə çağırır.
Bizim.Media