Ermənistanda seçkilər: Köçəryanın uçuş, Paşinyanın çöküş zolağı

Hazırda oxunan: Ermənistanda seçkilər: Köçəryanın uçuş, Paşinyanın çöküş zolağı

24914

Ermənistanda 20 iyun seçkiləri öncəsi namizədlər arasında rəqabət get-gedə daha gərgin hal almaqdadır. Yaxın həftələrə kimi cüzi də olsa liderliyini qoruyan Nikol Paşinyan, son sorğuda əsas rəqibi Robert Köçəryanın gerisində qalıb. 

Bu cür nəticələr isə seçkilərin qızğın keçəcəyinin və ölkədə xaosun hələ uzun müddət davam edəcəyinin ilkin siqnallarını verir.

Paşinyanın düşüşü

Nikolun reytinqinə zərbə vuran saysız-hesabsız səhvlərinin ardından 15 erməni əsirinin geri qaytarılması seçkiqabağı kiçik də olsa uğur sayıla bilər. Xalqın ən azı revanşistlərdən fərqli olaraq Paşinyanın diplomatik yollarla problemlərin həllinə nail ola biləcək lider imici yaratması erməni toplumunda bir nəbzə də olsa, son baş nazirə dəstək yarada bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryandan növbəti İDDİA – “Məğlub olmaq lazım deyildi”


Lakin bir çox erməni mütəxəssisləri fərqli düşünür; bu kiçik addım Paşinyana neytral seçiciləri cəlb etməkdə kömək etməyəcək. Hətta Ermənistanda Paşinyanı Azərbaycana mina xəritəsini verdiyi üçün sərt tənqid edənlərin səsinin daha yüksəkdən gəldiyi müşahidə olunmaqdadır. 

Ümumi mənzərəyə nəzər saldıqda, həqiqətən də, seçkilərin nəticələrini təyin edən əsas faktorun neytral elektoratlar olduğunu görə bilərik. 

Təsadüfi deyil ki, Köçəryanın reytinqi də bu tərəfsiz seçicilərin hesabına bu qədər artıb. Əvəzində isə Paşinyanın son sorğularda 23-24%-lik reytinqi, demək olar ki, dəyişməz qalıb.

Digər diqqət çəkən məqam isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son zamanlarda Paşinyana qarşı “yumşalmasıdır”. Eyni böyük gücün oyunçuları olan köhnə dostların gələcəkdə koalisiya yarada biləcəyi az ehtimal olsa da, parlamentdə eyni mövqedən çıxış edərək hazırki müxalifətə qarşı mövqe tutacaqlarını proqnozlaşdırmaq mümkündür.

Seçkilərin gedişinə təsir edəcək digər önəmli məqam isə xaricdə yaşayan ermənilərin səfirlikər vasitəsilə seçkilərdə iştirak edə bilməyəcəyidir. Bu faktoru Paşinyanın lehinə hesab etmək olar.

Çünki diaspora ilə Nikolun işləri heç də yolunda getmir. Habelə 44 günlük savaş və post-müharibə dövründə Ermənistandan köçən əhalinin son baş nazirə qarşı nifrətini izah etməyə, yəqin ki, ehtiyac yoxdur.

Köçəryan isə əlinə düşən hər fürsətdən yararlanmağı bacarır.

Özünü süddən çıxmış ağ qaşıq kimi xalqa sırımağa çalışan Robert Nikolun hər hərəkətini populist çıxışlarla tənqid etməkdədir. Paşinyan tərəfdarlarının və bir çox neytral seçicilərin əsas istəklərindən olan Ermənistanın dünyaya inteqrasiyası və kommunikasiyaların açılması hədəfi də Köçəryanı diqqətindən yayınmayıb. Dəhliz olmasa belə, əlaqələrin bərpasını istədiyini bildirən Robert bu cür fikirləri ilə gücünə-güc qatmağı bacarıb.

Köçəryanın lehinə işləyən digər bir amil isə, klan yoldaşı Serj Sarkisyanın rəzillikləridir. Öz sərsəm bəyanatları ilə Paşinyanın nüfuzundan daha çox öz reytinqinə zərbə vuran eks-prezidentin seçicilərinin üz tutacaqları qapı isə məhz Robertin “Hayastan”ı olacaq.

Köçəryanın dəstəkçiləri arasında Ermənistanda böyük siyasi təsir gücünə malik olan Erməni kilsəsi də var.
 

Paşinyanın kilsənin nüfuzunu azaltmağa yönələn tədbirlərinin məntiqi nəticəsi olaraq, bu gün Robert xalqın inanc gücündən maksimum yararlanmağa çalışmaqdadır. Seçkilərin nəticəsini isə ancaq proqnozlaşdırmaq mümkündür.


Sonda kimin qələbə qazanmasından asılı olmayaraq, qalibin son 7 ayda əldə olunmuş razılaşmalardan imtina etməsi isə mümkünsüzdür.

Hətta Ermənistanda revanşist və patriot ideyaların simvoluna çevrilən Köçəryanın belə qələbə qazanacağı təqdirdə intiqam arxasıyca düşəcək gücünün olmaması bölgənin gələcəyi ilə bağlı nikbin düşüncələr yaratmaqdadır...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin