Ermənistanda parlament seçkilərinə 20 gün qaldığı bir vaxtda hakimiyyət uğrunda rəqabət günbəgün artmağa davam edir. Əgər bir həftə öncəsinə kimi hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın asanlıqla qələbə qazanacağı ehtimal olunurdusa, indiki vəziyyətdə bu fikirləri səsləndirmək heç də doğru olmazdı.
Ölkədə mütəmadi olaraq aparılan sorğularda Nikol Paşinyanın seçicilərin etimadını itirdiyi açıq şəkildə görünür. 1 ay əvvələ kimi seçkilərdə böyük üstünlüklə qələbə qazanması gözlənilən Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının reytinq itkisi sürətlə davam edir. Əvəzində isə Robert Köçəryanın “Ermənistan” blokunun nüfuzu get-gedə artmaqdadır.
MÖVZU İLƏ BAĞLI:
Sorosdan yeni TAPŞIRIQ – Paşinyanın ikinci Ermənistan PLANI
Qeyd edək ki, “Gollup” tərəfindən aparılan son sorğuda “Mənim addımım”a 22,9%, “Ermənistan”a isə 17,5% seçici dəstək nümayiş etdirib.
Başqa önəmli məqam isə, müxalifət partiyalarının öz aralarında birləşə bilməməsinə baxmayaraq, oxşar pərdədən çıxış etməsidir. Yəni Paşinyan seçkilərdə qələbə qazansa belə, parlamentdə çoxluq əldə edə biləmədiyi halda, zəfərinin elə bir ciddi əhəmiyyəti qalmayacaq.
Çünki revanşizmlə gözləri boyanmış “klan”lar Nikola istədiyi formada idarəetmə imkanı tanımayacaq.
Paşinyanın yüksək sürətlə nüfuzdan düşməsinin əsas səbəbi isə sərhəd insidentləri oldu. Azərbaycanın öz qanuni ərazilərini bərpa etməsini “işğal” olaraq görən erməni xalqı Nikolu fəaliyyətsizlikdə günahlandıraraq liderlərindən üz çevirməkdə qərarlı görünür.
Həmçinin hazırki iqtidara qarşı narazılığı artan xalqın Paşinyanın dayağı olan Qərbə də inamı getdikcə azalmaqdadır. Artıq ermənilər 44 günlük müharibədən sonra bölgədəki sülhməramlı missiyadan belə kənarda qalan Qərb ölkələrinin onların dadına yetməyəcəyi gerçəyini dərk etməyə başlayıblar. Habelə çox güvəndikləri KTMT-nin də Ermənistanın səsinə səs verməməsinin əsas səbəbkarı olaraq Nikol və onun qərbyönümlü siyasəti göstərilir.
Köçəryan taxtına qayıdır?
Xalq arasında Paşinyan antipatiyası o qədər artıb ki, artıq xalq müharibənin və ölkədəki xaosun əsas günahkarlarından olan Köçəryana rəğbət göstərməyə başlayıb. Robertə dəstəyin artması isə erməni xislətinin xəbərçisidir. Revanşist meyillərin əsas carçısı olan “Qarabağ klanı”nın liderinə qarşı simpatiyanın artması bölgədə gələcək sülh üçün real təhdid hesab olunmalıdır. Moskvadakı dayaqları üzərində yüksəlmək potensialı olan Köçəryanın köhnə vərdişlərindən əl çəkib Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına yaşıl işıq yandıracağı isə inandırıcı görünmür.
Murad Əhmədov, Bizim.Media