Hazırda Suriyada nisbi sakitlikdir. 53 il davam edən Əsəd rejimi devrildikdən sonra Əbu Muhəmməd Əl-Culaninin rəhbərlik etdiyi “Həyat Təhrir əş-Şam” qruplaşması ölkədəki proseslərə əsasən nəzarət edir. Hətta ölkədə müvəqqəti keçid hökuməti də yaradılıb. Bu da nəhayət uzun zamandan sonra Suriyaya sülhün gələcəyinə ümid yaradıb.
Azərbaycan Suriya xalqının seçiminə hörmətlə yanaşır
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Hər iki lider bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə vurğulayıb.
10 ildir ki, Suriyadakı səfirliyimizin qapısı bağlı qalıb
Nəzərə alaq ki, Azərbaycanın da Suriya ilə münasibətləri son 13 ildə o qədər də isti olmayıb. Xüsusilə də, Suriyada baş verən proseslər və rəsmi Dəməşqin ermənipərəst mövqeyi ölkələr arasında münasibətlərdə soyuqluq yaradıb. Məhz bu səbəbdəndir ki, Azərbaycanın 2014-cü ildən Suriyada səfiri yoxdur.
Qeyd edək ki, Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında o geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri də Suriyanın davamlı olaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləməsidir.
Suriya-Ermənistan ittifaqı
Xatırladaq ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsasən Suriyadan gələn ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirib. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq siyasəti nəticəsində işğal altında olmuş ərazilərə digər ölkələrlə yanaşı Suriyadan da minlərlə erməni köçürülüb, onların köçürülməsi üçün Ermənistan dövləti, erməni lobbisi və diasporu, ayrı-ayrı fondlar tərəfindən həvəsləndirici, təşviqedici addımlar atılıb.
Bundan əlavə Suriya zaman-zaman Ermənistana hərbi və siyasi dəstək verib. Bu münasibətlərsə bir çox hallarda etiket və diplomatik qaydaları keçib. Hələ 90-cı illərin əvvəllərində Suriya Ermənistana hər cür dəstək göstərib. Hətta o zaman Suriya prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sarksiyana “Mercedes” firmasının istehsalı olan zirehli “Gallenvagen” hədiyyə edib. Sarkisyan onu bir az sürdükdən sonra gürcü biznesmeni ilə iki tankla dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.
Hafiz Əsəd nə təsadüfdürsə 1994-cü ildə həmin maşını gürcü biznesmenindən geri alıb yenidən Sarkisyana hədiyyə edib. İndi bu “Mercedes” qiymətli əsər kimi Ermənistanda muzeydə saxlanılır. Tək bu fakt göstərir ki, Əsəd rejimi Ermənistana nə qədər bağlı olub.
Başqa bir vacib detal
2011-ci ildə Suriyanın dini icmaları ilə görüşdə Suriyanın baş müftisi Əhməd Bədrəddin Hassun deyib ki, Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir:
“Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”
Nəzərə alaq ki, Ermənistan da bir terror dövləti olaraq Suriyada terror dəstək verib. Suriyada xeyli sayda erməni silahlı Əsədin tərəfində vuruşub və onun yaxın mühafizəsində iştirak edib. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstərib, türkmən xalqının qətlə yetirilməsində iştirak edib.
Vaxtilə Ermənistan hökumətinin Bəşər Əsədə yardım dolu təyyarə göndərdiyinin görüntüləri bir zamanlar dünya mətbuatında geniş əks-səda doğurmuşdu. Hətta məlumatlara görə, Xocalı soqırımı zaman ermənilərdən ibarət Əsədin xüsusi təyinatlı qüvvələri də iştirak edib.
Paşinyanın Əsəd sevgisi
Nikol Paşinyanla Bəşər Əsəd arasında hər zaman çox isti münasibətlər olub. 2021-ci ilin aprelində Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya prezidenti seçilməsi münasibəti ilə Bəşər Əsədi təbrik edən iki-üç dövlət başçısından biri olub.
Məktubda ən ironik məqamsa Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan, öz ölkəsindəki xaosu aradan qaldırmaqda çətinlik çəkən Paşinyanın Əsədə yardım təklif etməsi olub.
Həmçinin məktubda bildirilib ki, Ermənistan bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcək.
Xatırladaq ki, Ermənistanın 2019-cu ildən Hələb ərazisində xüsusi missiyası fəaliyyət göstərirdi. Humanitar missiya adlansa da, erməni dəstələri daha çox hərbi tapşırıqları yerinə yetirirdi. Amma ara qarışan kimi noyabrın 29-da axşam saatlarında erməni missiyasının üzvləri hərbi nəqliyyat təyyarəsi ilə Ermənistana qaçıblar. Ona görə də Bəşər Əsəd rejiminin devrilməsi rəsmi İrəvan üçün çox böyük itkidir.
Bəşər Əsədin gedişi daha kimləri məyus edib?
Əsəd rejiminin devrilməsi Ermənistanla yanaşı Hindistana da böyük zərbədir. Çünki Bəşər Əsəd rejimi Kəşmir məsələsində birmənalı və davamlı şəkildə Hindistanı dəstəkləyirdi. Halbuki, dini təəssübkeşlik baxımından Suriya Pakistanın yanında dayanmalı idi.
Təbii ki, Bəşər Əsədin devrilməsinə məyus olanlardan biri də Fransa prezidenti Emmanuel Makrondur. Çünki regional və beynəlxalq məsələlərdə rəsmi Paris bir qayda olaraq Əsəd rejimi ilə eyni mövqedən çıxış edirdi. Üstəlik, Əsədlə Makronun şəxsi münasibətləri də yüksək səviyyədə idi.
Ona görə də Əsəd rejimin devrilməsi Ermənistan, Fransa və Hindistan kimi dövlətlərin maraqlarına cavab vermir. Amma tarixi geri qaytarmaq olmaz. Səriştəsiz, korporativ maraqlara söykənən addımlar atan bütün siyasətçilər məğlubiyyətə məhkumdur. Bəşər Əsəd rejiminin başına gələnlər də bunu sübut etdi...
Surxay Atakişiyev, Bizim.Media