“Rusiya Ermənistanla razılaşmalara sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin “Rusiya-Ermənistan” ictimai forumunda bildirib.
Onun sözlərinə görə, söhbət həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birləşmə çərçivəsində hərtərəfli razılaşmalardan gedir.
“Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən əl çəkmirik”, - Qaluzin bildirib.
Rusiya XİN rəhbərinin müavini həmçinin hesab edir ki, Rusiya Ermənistanın hərbi, enerji və ərzaq təhlükəsizliyinin qarantı olaraq qalır.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl bir neçə dəfə ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib. Bu ilin sentyabrında Paşinyan həmçinin KTMT-ni Ermənistanın “təhlükəsizliyinə təhdid” adlandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın şərhi ilə razılaşmadığını bildirib və vurğulayıb ki, KTMT-dən Ermənistana heç bir təhlükə yoxdur.
Bizim.Media