Ermənistanda 20 iyun parlament seçkiləri ətrafında gedən söz-söhbətlər səngimək bilmir. İndi də ölkədə növbədənkənar seçkilərin ləğv olunması ilə bağlı xəbərlər yayılmaqdadır.
Bu cür tələblərlə çıxış edən “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan sərhəddəki problemlər fonunda Ermənistanda seçkilərin keçirilməsinin mümkünsüz olduğunu bildirib.
Bəs, Ermənistanda seçkilər ləğv oluna bilərmi?
Əslində Marukyan bu cür çıxışlar etsə də, bu çağırışın ölkə daxilində Paşinyana qarşı ciddi təzyiqə çevrilməsi inandırıcı görünmür. Çünki seçkilərin keçiriləcəyi ehtimalını gücləndirən önəmli səbəblər mövcuddur.
İlk növbədə, bölgədə maraqlı olan digər ölkələr seçkilərin tez bir zamanda keçirilməsinin tərəfdarıdır. Əgər belə olmasa idi, çoxböyüklü Ermənistan siyasi arenasında növbədənkənar seçki məsələsi heç işıq üzünə də çıxa bilməzdi. Paşinyanın Qərbin və Rusiyanın icazəsini almadan bu cür önəmli qərar verməsinə inanmaq sadəlöhvlük olardı.
Seçkilərin təxirə salınmasını mümkünsüz edən digər önəmli səbəb isə Paşinyan əleyhdarları arasındakı parçalanmadır. Nikolun maraqlarına xidmət edən seçkilərin ləğvinə nail olmaq üçün müxalifətin birliyini qazanmaq vacibdir. Lakin Ermənistanda müxalifət partiyaları hansısa fikir ətrafında birləşə bilməyəcək qədər dərin uçurumlarla bir-birindən ayrılıb.
Növbəti əsas səbəb isə erməni xalqının mövqeyi ilə bağlıdır. Uzunmüddətli böhrandan yorulan xalq ölkədə tez bir zamanda sabitlik yaranmasını arzulayır.
Bu səbəbdən ermənilər krizisin sonunu gətirə biləcək növbədənkənar parlament seçkilərinin ləğvində maraqlı deyillər.
Həmçinin, bu fikirlə çıxış edən Marukyan rəqibləri ilə müqayisədə ciddi siyasi fiqur hesab olunmur. Ona görə də, Edmonun çağırışının önəmli dəyişikliklər yaradacağı inandırıcı deyil.
Seçkilərin təxirə salınması ideyasının ortaya atılmasının səbəbi nədir?
Marukyan seçkilərin ləğvi ilə bağlı səsləndirdiyi fikirlərlə Paşinyanın nüfuzuna zərbə endirmək niyyətindədir. Çünki onun çıxışına fikir verdikdə görə bilərik ki, bütün çıxış Azərbaycanla sərhəd probleminin üzərində qurulub. Bu məsələni daha da qabartmaqla seçkilərin ləğvini gündəmə gətirmək istəməsinin əsas səbəbi isə, Nikolun hələdə qələbəyə əsas namizəd olmasından irəli gəlir. Lakin seçkilərin uzanması sərhəd probleminin də uzanmasına və dolayısıyla Paşinyanın nüfuzunun azalmasına gətirib çıxaracağından, müxalifət zaman qazanmaq üçün bu yola əl atıb.
Növbədənkənar seçkilərin ləğvi Azərbaycan üçün də mübət hal hesab olumur. Çünki siyasi krizislə boğuşan Ermənistanda vəziyyətin stabilləşməsi üçün seçkilərə böyük ehtiyac var.
İki ölkə arasında problemli məsələlərin həllinə tez bir zamada nail olmaq üçünsə ölkədə xaosun başa çatması lazımdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı danışıqlarda nəticə əldə etmək üçün Ermənistanda sabitliyin bərpa olunmasını gözləməyin vacibliyini vurğulayıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
09:40 / 25.05.2021
Ermənistanda XALQ YORULUB – Seçkilər yox, sabitlik lazımdır
Hazırda oxunan: Ermənistanda XALQ YORULUB – Seçkilər yox, sabitlik lazımdır
Hazırda oxunan: Ermənistanda XALQ YORULUB – Seçkilər yox, sabitlik lazımdır
22271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.