Paşinyanın sülh TƏLƏSKƏNLİYİ – Nikolun “yarımçıq saziş” arzusunun PƏRDƏARXASI - TƏHLİL

Hazırda oxunan: Paşinyanın sülh TƏLƏSKƏNLİYİ – Nikolun “yarımçıq saziş” arzusunun PƏRDƏARXASI - TƏHLİL

215259

Ermənistan tələsir. Guya ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamaq həvəsinə düşüb. Bu hiss ermənilərdə o qədər “güclüdür” ki, gözləməyə də hövsələ yoxdur.

Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında deyib ki, Ermənistan bu ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni katolikosundan ÜSYAN ÇAĞIRIŞI – Paşinyana qarşı olan qüvvələr birləşir...


“Bu, İrəvanın rəsmi mövqeyidir”.

O hətta xatırladıb ki, Ermənistanın Konstitusiya Məhkəməsi bu yaxınlarda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işinə dair əsasnaməni təsdiqləyib. Paşinyanın sözlərinə görə, məhkəmə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən sovet dövründəki sərhədləri tanımasının ölkə Konstitusiyasına uyğun olduğunu təsdiqləyib.

Faktlar isə əksini deyir...

Paşinyan danışır və dönə-dönə deyir ki, “Azırbaycanla sovet dövründəki sərhədlərin tanımasının ölkə Konstitusiyasına uyğun olduğunu təsdiqlənib”. Bununla da sülh sazişinin imzalanmasında hər hansı bir problemin olmadığına hər kəsi inandırmağa çalışır. Amma fakt faktlığında qalır ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistanın tərkib hissəsi və bir parçası olması təsbit edilib.

Bu isə sülh sazişinin imzalanmasına ən böyük əngəldir. Üstəlik, Ermənistanın dövlət gerbinin də dəyişdirilməməsi sülh sazişini əngəlləyir. Bir sözlə, sülh sazişindəki 16 bənddən 3-ü hələ də razılaşdırılmayıb. Bu isə o deməkdir ki, imzalanma mərasiminə hazırlaşmaq və hətta onun tarixini maksimum dərəcədə irəli çəkmək məntiqsizlikdir.

Çünki sülh sazişi üçün tərəflərin ilkin sənəd kimi qəbul etdikləri 16 bəndlik layihənin hələ də bütün tələbləri icra olunmayıb. Belə vəziyyətdə isə sülh sazişindən danışmaq sadəcə ağılsızlıqdır.

Ermənistan sülh sazişini niyyət protokolu ilə səhv salır?

Azərbaycan 4 ildir ki, iki ölkə arasında davamlı sülhün əldə edilməsi üçün bütün addımları atır. Sülh sazişi üçün ilkin sənəd olan 10 noyabr Bəyanatı və 11 yanvar Anlaşmasından irəli gələn tələbləri Azərbaycan çox qısa zaman ərzində icra etdi. Lakin Ermənistan hər iki razılaşmanı pozdu. Üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədi.

Nəzərə alaq ki, İrəvan sülh sazişinə qədər tərəflər bir sıra məsələlərə aydınlıq gətirməli idi. Onlardan biri də kommunikasiyaların bərpasıdır. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasına qarşı çıxdı. Azərbaycan məcburiyyət qarşısında qalıb alternativ variantdan istifadə etdi. Naxçıvanla və Qərbə çıxış üçün İran ərazisindən yeni dəhliz yaradılması variantını seçdi.

Təkcə, kommunikasiyaların açılmamasına qarşı çıxması sübut edir ki, Ermənistan Azərbaycanla davamlı və əbədi sülhün olmasını istəmir. Sadəcə sülh sazişi adı ilə hansısa niyyət protokolu imzalamaq istəyir.

Ən pisi də odur ki, rəsmi İrəvan bu fikrini çox savadsızca irəli sürür:

“Sülh sazişini imzalayaq, qalan problemləri sonra həll edərik”.

Bu isə nə beynəlxalq hüquqa, nə də ki, məntiqə sığır. Sülh sazişi üçün ilkin olaraq 16 məsələnin həlli razılaşdırılıbsa, bu hökmən icra edilməlidir. Lap elə bir bənd də açıq qalırsa, o zaman imzalanan sülh sazişi tam və əsas sayıla bilməz. Çünki sülh sazişi iki lider arasında imzalanan sənəddir. Sabah istənilən tərəf bu sazişdən imtina edə bilər.

Amma ölkə Konstitusiyası ölkənin Ana Qanunudur. Ona dəyişikliksə, hansısa liderin istəyi və imzası ilə yox, xalqın iradəsi ilə olur. Bu mənada Ermənistan Konstitusiyasına zəruri dəyişiklik edilməyincə hansısa sülh sazişindən danışmaq yersizdir.

Bəs Paşinyan niyə tələsir?

Məlumdur ki, Ermənistan xarici təzyiqlər altında əzilir. Rusiya bu ölkədən çıxmaq istəmir. ABŞ və bir sıra Avropa ölkələri isə Ermənistana soxulmaq istəyir. Üstəlik, Azərbaycan, Türkiyə və İranın da Ermənistana güclü təzyiqləri var. Bu qədər təzyiqləri neytrallaşdırmaq gücündə olmayan rəsmi İrəvan siyasi manipulyasiyaya əl atır. İlk hədəfsə Azərbaycandır.

Bu da təsadüfi deyil. Çünki Ermənistan xarici ölkələr arasında ən çox Azərbaycandan çəkinir. Ona görə də Paşinyan hökuməti ilk növbədə Azərbaycanla razılaşmaq istəyir. Hətta bu razılaşma yarımçıq olsa belə, Paşinyan üçün yetərlidir. Çünki Ermənistanın gələcəyi bu razılaşmadan asılıdır. Nə qədər ki, bu razılaşma yoxdur, o zamana kimi rəsmi İrəvan Rusiyaya qəti şəkildə “get”, Qərbə isə “gəl” deyə bilməyəcək. Üstəlik, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın Türkiyə və İranla olan münasibətlərinə də aydınlıq gətirəcək.

Amma indiki vəziyyətə Ermənistan nə Qərbə, nə Rusiyaya, nə Türkiyəyə, nə də İrana qəti söz deyə bilir.

Əksinə, Paşinyan həm Qərbdən, həm Rusiyadan, həm İrandan və hətta Türkiyədən xahiş edir ki, ən qısa zamanda  sülh sazişinin imzalanması üçün Azərbaycana təzyiq etsinlər.  Məhz bu səbəbdəndir ki, rəsmi İrəvan tez-tez “sülh sazişini imzalamağa hazırıq” deyir.

Amma daxili və xarici qüvvələrin qorxusundan Paşinyan Konstitusiya dəyişikliyinə getmir. Çünki bu addım onun sonunu gətirə bilər. Təsadüfi deyil ki, Konstitusiyaya dəyişikliyi Paşinyan yalnız 2026-cı ilin sonunda mümkün olacağını deyir. Bu iddianın konkret səbəbi var. Çünki 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Əgər həmin seçkidə Paşinyan qalib gəlsə o, zaman xalqdan nəsə istəyə bilcək. Yox, seçkilərdə məğlub olsa, o zaman referendum məsələsi yeni iqtidarın boynunda qalacaq.

Beləcə, öz kreslosunu xalqın və dövlətin maraqlarından üstün tutan Paşinyan siyasi manipulyasiya ilə məşğuldur. Amma erməni baş nazir bir həqiqəti unudur ki, bu oyunbazlığı onun sonunu daha tez gətirə bilər və 2026-cı il seçkilərini gözləməyə ehtiyac da qalmaz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin