Ermənistanda seçkilər: Sındırılmış, parçalanmış Ermənistanın favoriti KİM OLACAQ?

Hazırda oxunan: Ermənistanda seçkilər: Sındırılmış, parçalanmış Ermənistanın favoriti KİM OLACAQ?

21523

Ermənistanda seçkiqabağı vəziyyət qeyri-stabil olaraq qalmaqdadır. Dağılmış “pazl”ı xatırladan ölkə siyasətində heç bir parça digərləri ilə hər hansı formada birləşmək niyyətində deyil. Siyasi qalmaqalların gündəmi işğal etdiyi ölkədə xalqın arxasıyca gedə biləcəyi vahid liderin olmaması, vətəndaşlar arasında da uçurumun yaranmasına səbəb olub.

Seçkilərdə əsas iki namizəd hesab olunan-baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və keçmiş prezident Robert Köçəryanın yanına daha bir iddialı namizəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da əlavə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Ter-Petrosyan kresloya geri qayıdır?


Digər keçmiş prezident Serj Sarkisyan isə namizədliyini irəli sürməsə belə, partiyasının parlamentdə yer tutmasında o da maraqlıdır.

İlk olaraq parçalanma “Qarabağ klanı”nın üzvləri- Köçəryan və Sarkisyan arasında meydana gəldi. Paşinyan hakimiyyətinə qarşı heç cür ortaq yola qədəm qoya bilməyən həmyerlilər, iqtidara qarşı ciddi təhdidə çevrilə bilmədilər.

Əsas müxalifət hesab olunan revanşistlər arasında parçalanmadan sonra vəziyyət Ter-Petrosyanın iddiasını ortaya qoyması ilə daha da qarışıq hal aldı. Habelə Levonun xeyli müddət eyni yolda addımlamış Paşinyana qarşı çıxış etməsi Qərb tərəfdarları arasında da parçalanma yaradıb.

Həmçinin Paşinyan da mübarizədə təklənmiş vəziyyətdədir. Son baş nazir müxaliflərdən heç birini öz tərəfinə çəkməyə nail ola bilməyib. Müxaliflərinin “Qərbin klonu” adlandırığı Nikolun elə həmin Qərbin sözündən çıxıb Rusiyanın dedikləri ilə oturub durması, onu hakimiyyətə gətirənlərin fərqli namizədi-Ter-Petrosyanı dəstəkləməsinə səbəb verib.

Hər nə qədər xaricdən dəstək alsa da, Ermənistan vətəndaşları arasında Levona inam elə də yüksək deyil. 30 ildir eyni havanı çalması ilk prezidentin ölkəsindəki nüfuzunu xeyli azaldıb.

Erməni xalqı müharibədən bezsə belə, “Türklərin qardaşı” adlandırdıqları namizədə dəstək verəcək qədər öz faşist ideyalarından əl çəkməyiblər.

Qüvvələrin bu cür parçalanması tək daxili amillərlə deyil, xarici təsirlərlə də əlaqədardır. Ermənistanın havadarları arasında olan ixtilaflar namizədlər arasında gərginliyi daha da artırır.
 

Bir tərəfdə Qərbin adamları-Paşinyan və Ter-Petrosyanın, digər tərəfdə isə Rusiyanın əlaltıları- Köçəryan və Sarkisyanın olması, həmçinin tərəflərin də öz aralarındakı parçalanmaları nəzərə aldıqda erməni xalqının birlikdən nə qədər uzaq olduğunun şahidi oluruq. 


Bu cür parçalanmalar isə nəticə olaraq Paşinyanın əlini gücləndirməkdədir. Hər nə qədər əsas “kozr”larından biri olan Ter-Petrosyanı itirsə belə, Nikolun qələbə qazanmaq ehtimalı yüksək olaraq qalmaqdadır. 

Ümumilikdə isə, ölkədəki bu cür parçalanma 90-cı illərin əvvəllərindəki Azərbaycanı xatırladır.

Lakin Ermənistanda Azərbaycanda olduğu kimi birləşdirici liderin mövcud olmaması böhranın hələ uzun müddət davam edəcəyinin xəbərçisidir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin