Gürcüstanın daxili işlər naziri Vaxtanq Gomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili dünəndən bəri gərgin vəziyyətin yarandığı Dmanisiyə gəliblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “sputnik-georgia.ru” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Dmanisidə situasiya yenidən gərginləşdi - Azərbaycanlıların etirazı başladı - VİDEO
Mənbə yazır ki, dünənki kütləvi davadan sonra şəhər sakinləri narahat olub.
Gomelauriyə görə, bu insanların kim olduğunun heç bir əhəmiyyəti yoxdur, qanunu pozan hər kəs qanunun ən yüksək maddəsi ilə cəzalandırılacaq.
"Dünən baş verənlər çox kədərlidir, araşdırmaya başladıq. Bu, çox pis faktdır. Nədənsə bəziləri münaqişəni millətlərarası vəziyyətə gətirməyə çalışır. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Əsrlər boyu birlikdə yaşamışıq, qardaşıq. Bu məsələ, əlbəttə ki, etnik qarşıdurmaya çevrilməməlidir”, deyə Vaxtanq Gomelauri qeyd edib.
Nazir hadisə ilə bağlı istintaq başladıldığını və müvafiq tədbirlərin görüldüyünü söyləyib.
"Həbsləri hələ təsdiqləyə bilmərik. Prokurorluqla birlikdə işləyirik. Pis vəziyyətin olduğu ilə razıyam, insanlar sürətlə xaos yaratdılar. Dünəndən bəri polisin iş rejimi gücləndirilib, əraziyə əlavə qüvvələr gətirilib. 150 nəfərlə vəziyyəti nəzarət altına ala bilmədik, buna görə Dmanisiyə əlavə qüvvələr gətirməli olduq. Bundan sonra vəziyyət sakitləşdi”. Gomelauri vurğulayıb.
Dmanisidə yerli sakinlər arasında qarşıdurma bir gün əvvəl başlayıb. Qarşıdurmaya səbəb yerli baqqal mağazalarından birinin satıcı xanımının alkoqollu içkilərin borca gənclərə satılmasını rədd etməsi olub. Qadının dediyinə görə, narazı alıcılar ona pis sözlər deyiblər və qızını qorumağa çalışan ata gənclər tərəfindən döyülüb.
Mətbuatda yayılan məlumatlara görə, münaqişə bazar günü etnik azərbaycanlılar və Svanetidən olan eko-miqrantlar arasında meydana gəlib və bazar ertəsi səhər yenə alovlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini iğtişaşları dayandırmağa və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media