Gürcü siyasətçilər azərbaycanlılara hücumla bağlı bəyanat verdilər - VİDEO

Hazırda oxunan: Gürcü siyasətçilər azərbaycanlılara hücumla bağlı bəyanat verdilər - VİDEO

21372

Ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücumla bağlı, yerli azərbaycanlılar etiraz aksiyası keçirmək fikirndədirlər.

Bizim.Media xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, aksiyanın əsas məqsədi, hökuməti baş verən hadisələrlə bağlı ciddi addımlar atmağa səsləməkdir. 

Bu arada hadisənin təfərrüatları məlum olub. Marketin satıcısı Səidə İsmayılovanın sözlərinə görə bu cür insidentlər tez-tez baş verir. Detallar isə belədir:

“Mağazaya daxil olan gənclər nisyə pivə almaq istədilər. Dükanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər “tez elə ver, yoxsa bu kalkulyatoru başına çırpacam”, dedilər. Mübahisədən sonra bununla bağlı polis bölməsinə getdik. Biz orada olarkən 40-50 nəfərlik kütlə mağazaya hücum edib oradakı insanları döyüb, bir neçə nəfəri ciddi yaralayıblar. Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslər olub. Q. Şamilov hucum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu vermədiklərini deyir. Mağaza sahiblərinin sözlərinə görə, onlara qarşı qanunsuzluq edənlər “azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer yoxdur” ifadələri də işlədiblər.

Dmanisi meri Giorgi Tatuaşvili baş vermiş qarşıdurmada ciddi xəsarət alanların olmadığını bildirir.

Lakin olay şahidləri başqa fikirdədir. Buna baxmayaraq Tatuaşvili hazırda vəziyyətin stabil olduğunu dilə gətirib: 

"Hazırda sakitçilikdir. Heç bir problem mövcud deyil. Qarşıdurma zamanı yaralananlara gəlincə, heç kim ciddi xəsarət almayıb, onlar yüngül xəsarət almışdılar, hazırda xəsarət alanlardan hər biri xəstəxanadan evə buraxılıb. Qarşıdurma heçnədən baş verib. Hüquq-mühafizə orqanları öz işlərini görəcək, araşdıracaq və uyğun cavab verəcəklər".

“Sputnik Georgia”da yer alan son xəbərə görə də Dmanisidə polis vəziyyəti nəzarətdə saxlayır. 

Bununla yanaşı, Gürcüstanın deputatı Qoqi Meşveliani sakinlərə çağırış edib ki, olanları siyasiləşdirmək olmaz:

“Ümid edirəm ki, insident iştirakçılarının hamısı tezliklə məsuliyyətə cəlb olunacaq. Amma hamını olanları siyasi, yaxud digər məqsədlər naminə istifadə etməkdən çəkinməyə çağırıram”. 

"Leyboristlər" partiyasının rəhbəri Şalva Natelaşvili də Dmanisidə baş vermiş qarşıdurma ilə bağlı Gürcüstanın güc strukturlarına müraciət edib:

"Leyboristlər partiyası olaraq hüquq mühafizə orqanlarına Dmanisidə baş vermiş hadisənin təcili şəkildə öyrənilməsi barəsində müraciət edirik. Gürcü-Azərbaycan dostluğunun zərər görməməsi üçün, hadisəni törədən bütün şəxslər sərt şəkildə cəzalandırılmalıdır. Hesab edirik ki, bu cür kirminal hallar gürcü-azərbaycanlı dostluğunu dalana dirəyə bilməz. Leyboristlər partiyası istintaqın gedişinə mütləq nəzarət edəcəcək".

Bəzi siyasətçilər hadisəni Gürcüstanda seçkiqabağı anti-hökumət təxribatı kimi səciyyələndirir.

Amma əksər politoloqlar belə insidentlərin arxasında ermənilərin dayandığını iddia edirlər. Bu fikirdə olan ekspertlər dəlil kimi, Keşiçidağda Azərbaycanın Sərhəd Xidmətinə aid əsgərə qarşı edilən qanunsuzluq və kobudluğun arxasında “daşnak fətva”sının durduğunu göstərirlər. 

Anar Rəhimov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin