“Qaplan dərəsinin əsirləri” və ya Qərb Ermənistanı niyə silahlandırır? -Fərid Şahbazlı yazır

Hazırda oxunan: “Qaplan dərəsinin əsirləri” və ya Qərb Ermənistanı niyə silahlandırır? -Fərid Şahbazlı yazır

211318

İkinci Qarabağ savaşında uğradığı sarsıdıcı məğlubiyyətdən sonra, Ermənistanın Rusiyanın “hami”liyindən imtina edərək Qərbə üz tutması, həmçinin sülhdən danışaraq sürətli silahlanmaya start verməsi, NATO ölkələri, xüsusən də Fransa və ABŞ-la ilə hərbi əməkdaşlığı genişləndirməsi regionda narahatlıqla izlənməkdədir. Bu vəziyyət xüsusilə Ermənistanın “sahibi” Rusiyada da əməlli başlı şok effekti yarıdıb. Kreml əsrlərdən bəri forpostu olmuş bu oyuncaq ölkənin Rusiyanın təsir dairəsindən qurtulmaq ehtimalından, beləliklə də Cənubi Qafqazda sonuncu dayaq nöqtəsini də itirməkdən ehtiyatlanır.

Təsadüfi deyil ki, Fransanın “Le Monde” nəşri açıq-açkar baş verənləri “Parisin Rusiyanın təsir dairəsinə görünməmiş müdaxiləsi” adlandırıb. Əslində Rusiyanın qorxusu tamamilə əsaslıdır.

Rəsmi İrəvan Ermənistanın 44 günlük müharibədə biabırçı məğlubiyyətində əsas günahkar kimi KTMT və bir sıra ikitərəfli müqavilələrlə müttəfiq olan Rusiyanı ittiham etmiş, Moskvanın Azərbaycana heç bir təzyiq göstərməməsini, proseslərə hər hansı bir müdaxilə etməməsini “xəyanət” kimi qiymətləndirmiş və bu cür qiymətləndirməkdə də davam edir. Odur ki, Ermənistan nə vaxtdır ki, nə KTMT, nə AAİƏT, nə də MDB tədbirlərində iştirak etmir, hərbi təlimlərə qatılmır və s.

Əvəzində Fransa, ABŞ, İran, Hindistan və s. kimi ölkələrin Ermənistana “marağı” xeyli artıb. Xüsuilə də Fransa və ABŞ-ın silah-sursat daşıyan təyyarələri İrəvanı “su yolu”na döndərib.

Bundan başqa, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana pul yardımlarını da iki dəfədən də çox artırıb. Yəni bu ölkələr Ermənistana silah tədarük etməklə açıq-aşkar onu Cənubi Qafqazda eskalasiyanın növbəti “raundu”na təhrik edir. Görünən odur ki, burada əsas məqədlərdən biri Rusiyanın regiondakı mövcudluğuna son qoymaq, onun qonşularını və dünənki dostlarını düşmənə çevirməkdirsə, digəri də Azərbaycana təzyiqləri artırmaq və onu nələrəsə də məcbur etməkdir.


Bu məsələrdə Qərbin erməni diasporasının fəaliyyətini də nəzərdən qaçırmaq olmaz. Sirr deyil ki, “erməni diasporunun beşiyi” məhz Fransa və ABŞ-dır. Bu diasporun nüfuzlu nümayəndələri bir tərəfdən müəyyən qərarların qəbulunda həmin ölkələrin hakimiyyət orqanlarına təsir göstərməyə çalışır, digər tərəfdən də Ermənistandakı revanşist qüvvələrin dəyirmanına su tökərək, regionda yeni qanlı müharibəni alovlandırmağa həvəslənirlər.

“Le Figaro” jurnalının köşə yazarı və siyasətçi Xavyer Bertrand məqəlalərinin birində qeyd edib ki, “Moskva, Bakı və Ankaranın əhatəsində qalan Ermənistanı lazımi şəkildə silahlandırmaq bizim strateji hədəfimizdir. Biz bunu etməliyik ki, o, Azərbaycanın və Rusiyanın təhdidlərinə qarşı dura bilsin”.

Məqalə müəllifi Almaniyanın ilk kansleri Otto Fon Bismarkdan da misal gətirərək deyir ki, “Silahsız diplomatiya musiqi alətlərsiz səslənən musiqi kimidir”.

Beləliklə, qlobal və təhlükəli bir oyunun oyuncağına çevrilən Ermənistan rəhbərliyi isə beynəlxalq vəziyyəti doğru-düzgün dərk etmək iqtidarında deyil və ölkəsini açıq-aşkar fəlakətə sürükləyir. Yeni “sahib” axtarışında olan İrəvan Rusiyadan qurtulub, Fransanın və ya ABŞ-ın qucağına atılmaqla “ağ günə” çıxacağını, bütün problemlərini həll edəcəyini güman edir.

Lakin Qərbi şübhəsiz ki, Ermənistan deyil, onun geosiyasi məkanı və geosiyasi məqsədləri maraqlandırır. Lakin Ermənistan hökuməti və erməni xalqı arasında bütün bunlar yanlış olaraq Ermənistana və onun siyasi ambisiyalarına dəstək kimi qəbul edilir.

Şübhəsiz ki, Azərbaycan da baş verənləri diqqətlə izləyir, Paşinyan Ermənistanın “qəribə” davranışlarını, ikibaşlı oyunlarını, sülh müqaviləsi layihəsindəki müddəalarla bağlı haqlı tələblərini qulaqardına vurmasını, prosesi uzatmaqla güclənmək üçün vaxt qazanmaq niyyətini tam olaraq dərk edir.

Bununla bağlı rəsmi İrəvana dəfələrlə xəbərdarlıq da edilib. Yəni, Azərbaycan onun suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq siyasi və iqtisadi maraqlarına kiçik bir təhdid hiss edərsə, türk qardaşlarımız demiş, “gərəyini yapacaqdır”.

Ali Baş komandanın da dediyi kimi, “Dəmir yumruq yerindədir!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin