Ermənistanda “yorulmuş atları” daha güllələmirlər - Bu kimin işinə yarayır?

Hazırda oxunan: Ermənistanda “yorulmuş atları” daha güllələmirlər - Bu kimin işinə yarayır?

Son 35 ildə erməni cəmiyyətində baş verən daxili çəkişmələr və antoqonist ziddiyyətlər son nəticədə parçalanmaya səbəb olub. Hazırda Ermənistanda siyasi gündəmə dair maraqlı nəticələr ortaya çıxıb.

201592

Son 35 ildə erməni cəmiyyətində baş verən daxili çəkişmələr və antoqonist ziddiyyətlər son nəticədə parçalanmaya səbəb oldu. Bu gün Ermənistanda hər hansı bir birlikdən danışmaq bəlkə də gülüncdür. Əhali arasında təbii çeşidlənmə gedir. Hazırda ölkə əhalisinin 10 faizdən bir az çoxu hazırkı iqtidarı - Paşinyan hökümətini dəstəkləyir. Bu, həm də əhalinin ən yaxşı dolanışığı olan təbəqədir. Onların əlində böyük dövlət vəzifələri, imtiyazlar və biznes var.

Əhalinin çox az hissəsi revanşistləri dəstəkləyir. Bu əhalinin təxminən 5 faizi qədərdir. Onların da böyük hissəsi zaman-zaman Ermənistanda iqtidarda olan imkanlı şəxslərdir. Həmin təbəqə revanş üçün bəzən ətrafdakılara pul belə paylayırlar ki, “bəlkə də qaytardılar”.

Çoxluq proseslərə biganədir
 

Hazırda ermənilərin 85 faizi siyasi çəkişmələrdən yorulub, bezib. Onlar ancaq gündəlik güzəranları barədə düşünürlər. Bu təbəqə üçün Ermənistanın siyasi gündəmi və yaxud hakimiyyətdə kimlərin olması qətiyyən maraqlı deyil. Çünki, son 35 ildə Ermənistanın siyasi elitası, xüsusən də “Qarabağ klanı” sadə xalqı zinhara gətirib. Ona görə də xalq hər şeydən bezib, bir kənara çəkilib və  onlarda ətraflarında baş verənlərə heç bir refleksləri yoxdur.

Sorğunun yaratdığı maraqlı mənzərə
 

Bu günlərdə Ermənistanda keçirilmiş bir sorğunun nəticələrinə nəzər salanda, ilginc mənzərə ilə üzləşirik. Belə ki, iyulun 10-da  “Gallup Beynəlxalq Assosiasiyası” Ermənistanda keçirdiyi növbəti sorğunun nəticələrini bəyan edib.

Sorğu zamanı respondentlərə parlament seçkiləri keçiriləcəyi təqdirdə hansı partiyaya və ya partiyaların blokuna səs verəcəkləri barədə suala belə cavab verilib: 

Baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətandaş müqaviləsi”ni– 14.4%; Robert Köçəryanın lideri olduğu “Ermənistan” blokunu – 3.7%; "Demokratiya, hüquq, intizam" partiyası blokunu -3,5%; Serj Sarqsyanın lideri "Şərəfim var" blokunu-2,3%; Baqrat Srbazanın lider olduğu "Vətəna naminə" hərəkatı isə - 1,5% respondet dəstəkləyib.

Sorğuda iştirak edən respondentin 16,9% Ermənistanın KTMT-də olmasını, 29% isə NATO-ya üzv olmağı dəstəkləyib.
 

Sadə ermənilərin itirəcəyi bir şey qalmayıb

Göründüyü kimi Ermənistanda çoxluq siyasi proseslərdən kənarda qalıb. Halbuki bütün zamanlarda bəzi qüvvələr əhalini məcburi şəkildə siyasi gündəmə qatırdı. Bununsa iki yolu vardı.
 

Birincisi, şirnikləndirmə yoluydu. Bəzi imkansız adamlar gündəlik xərclərin qarşılanması müqabilində siyasi proseslərə qatılırdı. Onlar pul hesabına kimlərəsə zorən dəstək verirdi. İkinci yolsa, şantaj yoludur. Məlumdur ki, zaman-zaman ermənilər arasında “Krung”, “Hayastan” və digər adlarla təşkilatlar fəaliyyət göstərib. Bu təşkilatlar ərazi üzrə ermənilərdən vəsait toplayıblar. Həmin təşkilatlara ödəniş etməyənlərsə, ultramillətçi ermənilər tərəfindən fiziki cəhətdən məhv edilib. 

Lakin, hər iki variant dalana dirənib. Çünki, nə sadə ermənilərə pul paylayan var, nə də ki, gizli təşkilatlara pul verməyə imkanı olan erməni  qalıb. Ona görə də Ermənistanda əhalinin tam əksəriyyəti siyasi proseslərdən kənara çəkilib.
Bu isə daha çox Paşinyanın işinə yarayır. Çünki, etirazlar və təzyiqlər nə qədər az olsa Paşinyan da kreslosunda bir o qədər rahat oturar.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin