Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası qətiyyətini davam etdirir. Görünən odur ki, Gürcüstan hökuməti öz fikrində qərarlıdır. Belə olmasa idi, Gürcüstan Prezidenti Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna qoyduğu veto aradan qaldırılmazdı.
Belə ki, ötən gün ölkə prezidenti Salome Zurabişvilinin məlum qanuna veto qoymasını parlament səs çoxluğu ilə ləğv edib. 84 deputat qanunun lehinə, yalnız 4 deputat əleyhinə səs verib. Beləliklə də qanun öz hüquqi qüvvəsini tapıb.
Bu qərar Gürcüstan hökümətinə xeyli sayda problem yaradıb.
Ən azından ölkədə vətəndaş qarşıdurması yaranıb. Bundan başqa ölkə prezidenti ilə parlament və hökumət arasında ciddi uçurum yaranıb. Təsadüfi deyil ki, mayın 26-da Müstəqillik Günün ilə bağlı keçirilən tədbir zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib:
“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib. Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”.
Baş nazir vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir:
“Bu gün hər zamankindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şeyi yalnız sevgi ilə qura bilərik”.
Bəs, baş nazir dövlət müstəqilliyi məsələsini niyə bu qədər qabardır?
Nəzərə alaq ki, 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini bərpa eləsə də ötən 33 ildə öz suveren hüquqlarını və ərazi bütövlüyünü təmin edə bilməyib. Hazırda Gürcüstan ərazilərinin 20 faizi işğal altındadır.
Bu işğal 33 il əvvəl başlasa da, 2008-ci ildə pik həddə çatıb. Belə ki, Qərbin təzyiq və təşviqi ilə o zamankı prezident Mixael Saakaşvili Qərbə meyillənməklə yanaşı Rusiyaya meydan oxudu. Hətta Rusiyaya qarşı müharibə elan etdi. Lakin bu müharibə cəmi iki ay çəkdi. Həmin müharibə zamanı Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi.
Halbuki, o müharibəyə Saakaşvilini Qərb məcbur etmişdi. Lakin müharibə zamanı Qərb Gürcüstana heç nə ilə yardımçı olmadı. Hətta müharibədəki məğlubiyyətdən sonra Qərb Saakaşvilinin “qələmini qırdı”. Bir zamanlar Qərbin sevimlisi olan Mixael hazırda Tiflisin həbsxanalarında yaşam mübarizəsi aparır.
Fakt odur ki, Qərb vaxtilə nə Gürcüstana, nə də ki, “öz adamı”- Saakaşviliyə arxa durdu. Üstəlik, ötən müddətdə Qərb Gürcüstana vəd etdiyi heç nəyi verməyib.
albuki, 1999-cu ildən Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizədliyi statusunu daşıyır. Bu günə qədər bu üzvülük məsələsi reallaşmayıb. Qərb isə yenə vədlərindən qalmır. Deyir ki, Gürcüstan höküməti “özünü yaxşı aparsa” onda bu ölkə 2030-cu ildə Aİ-yə, sonrakı illərdə isə NATO-ya üzv ola bilər.
Təbii ki, Gürcüstan höküməti artıq Qərbin vədlərinə inanmır. Onlar ölkəsinin ərazi bütövlüyü və suveren hüquqlarının bərpası üçün daha real addımlar atmaq istəyirlər. Bunun üçünsə ilk növbədə ölkə daxilində sabitlik və birlik yaratmaq istəyir. Bax, “Xarici təsirin şəffaflığı haqqında” qanun da bu məqsədə xidmət edir.
Gürcüstan Qərblə münasibətlərə yenidən baxır.
Bu isə təbii ki, həm ABŞ-ın, həm də Aİ-nin maraqlarına ziddir. Təsadüfi deyil ki, parlamentin dünənki qərarından həmən sonra Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən sonra bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirməyə başlayıb.
Hətta Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell ilə Avropa Komissiyasının birgə bəyanat qəbul edib. Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini düşünür:
“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.
Bu, Gürcüstana Aİ-dən ünvanlanmış bu ilk hədə deyil.
Buna qədər bir sıra təhdid dolu bəyanatlar olub. Sonuncu dəfə isə Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki. Gürcüstan hakimiyyəti “xarici təsir” haqqında qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır:
“Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır”.
Nəzərə alaq ki, ABŞ da Gürcüstana qarşı qəzəblidir. Vaşinqton rəsmən bəyan edib ki, “xaraici təsir” haqqında qanun qüvvəyə minsə ABŞ Gürcüstana maliyyə yardımlarını dayandıracaq. Hətta incik düşən Co Bayden Müstəqillik Günü ilə bağlı rəsmi Tiflisi təbrik etməyib.
Əvəzində isə ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın Müstəqillik Günü münasibətilə verdiyi bəyanatda deyib ki, bu ölkənin Avropa İttifaqına inteqrasiyasının perspektivlərinin nədən ibarət olduğunu yaxın aylar göstərəcək:
"Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından kritik olacaq. Biz Gürcüstan rəhbərliyini bu imkanı düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq".
Bəs rəsmi Tiflis bu hədələrin qarşısında nə deyir?
Rəsmi Tiflis perspektiv planlarını açıqlamır. Amma görünən odur ki, gürcü hökuməti ilk növbədə ölkə daxilində siyasi sabitliyi möhkəmləndirmək istəyir. Bundan sonra isə Qərbə yox, region ölkələrlərlə inteqrasiya gündəmə gələcək. Çünki Gürcüstanın suveren hüquqlarının və ərazi bütövlüyünün bərpası mehriban qonşuluqdan və regional əmkdaşlıqdan keçir.
Bu yolda isə Gürcüstana ən yaxşı nümunə Azərbaycandır. Məhz heç bir bloka qoşulmayan, balanslaşdırılmış siyasət yürüdən və ən əsası da regional əməkdaşlığa daha çox üstünlük verən Azərbaycan bu gün nəinki öz suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa edib, həm də sürətli inkişaf yoluna qədəm qoyub.
Təbii ki, bunu qonşu dövlətdə də görüb bilirlər. Təsadüfi deyil ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib ki, Gürcüstanla Azərbaycan regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edir:
“Yalnız bu yolla biz ölkələrimizin inkişafını uğurla davam etdirə və regionun potensialından tam istifadə edə bilərik. Yalnız bu yolla biz Avropa ilə Asiya arasında möhkəm körpü qura bilərik".
Bu fikirlərinsə əlavə şərhə ehtiyacı yoxdur.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 29.05.2024
Bir addım geri, iki addım irəli... – Gürcüstan tarixi səhvindən NƏTİCƏ ÇIXARDI – TƏHLİL
Hazırda oxunan: Bir addım geri, iki addım irəli... – Gürcüstan tarixi səhvindən NƏTİCƏ ÇIXARDI – TƏHLİL
Hazırda oxunan: Bir addım geri, iki addım irəli... – Gürcüstan tarixi səhvindən NƏTİCƏ ÇIXARDI – TƏHLİL
Gürcüstanın hakim 'Gürcü Arzusu' partiyası xarici təsir barədə qanunu qəbul etməklə ölkə prezidenti və hökuməti ilə uçurumu artırır. Qərblə münasibətlər yenidən dəyərləndirilir. Ən yaxşı nümunə isə regional əməkdaşlığa əhəmiyyət verən Azərbaycan olur.
194679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.