Qazaxla sərhəddə yerləşən Kirants kəndində polis əməkdaşları gecə saatlarında 30-dan çox şəxsi saxlayıblar. Faktı kəndin rəhbəri Kamo Şahinyan təsdiq edib. Onun sözlərinə görə, həmin şəxslər kənddə minatəmizləmə işlərinin aparılmasının qarşısını almaq üçün növbətçi olduqları hissədə tutulublar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb.
Mənbə yazır ki, hazırda kənddə vəziyyət çox gərgindir. Əraziyə Paşinyan hakimiyyəti mindən çox polis göndərib.
Parlamentin deputatı Qarnik Danielyan qeyd edib ki, polis qüvvələri kəndin girişlərini bağlayıb və hazırda minalardan təmizləmə işləri aparılır.
Verilən son məlumata görə, erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri yepiskop Baqrat Srbazan da hazırda 30-dan çox saxlanılan kişinin aparıldığı polis bölməsindədir.
Xatırladaq ki, mayın 15-dək Ermənistan Qazaxın işğalda olan 4 kəndini Azərbaycana geri qaytarmalıdır. Bunun üçün ərazidə minalardan təmizləmə işləri, delimitasiya və demarkasiya prosesi həyata keçirilir.
Bizim.Media