Paşinyanın Moskva SINAĞI – Getsə bir, getməsə başqa bir dərd...

Hazırda oxunan: Paşinyanın Moskva SINAĞI – Getsə bir, getməsə başqa bir dərd...

189727

Mayın 5-də Moskvada yenidən seçilən Vladimir Putinin inaqurasiya mərasimi keçiriləcək. Bu tədbirə bir sıra ölkələrin, xüsusən də MDB dövlətlərinin rəhbərləri də dəvətlidir Ardınca mayın 8-də Rusiya paytaxtında Avrasiya İqtisadi İttifaqın yaranmasının 10 illik yubileyilə əlaqədar təbri olacaq. Mayın 9-da isə Rusiya Hitler Almaniyası üzərində Qələbə gününü qeyd edir. 

Bu fonda qərbpərəst siyasət yürüdən Ermənistanın baş naziri Nikol Paşinyan çətin seçim qarşısında qalıb. Belə ki, Qərb ölkələri Putinin inaqurasiya mərasimi və 9 may tarixini qələbə günü kimi qəbul etmir. Yaranmış vəziyyətdə Paşinyan Moskvaya gedib-getməməklə bağlı çıxılmaz duruma düşüb. Gedərsə, Qərbin, getməyəcəyi təqdirdə isə Moskvanın təzyiqlərinə tuş gələ bilər.  

Bu müstəvidə erməni mətbuatı hesab edir ki, Paşinyan yalnız Aİİ-nin mayın 8-də olacaq tədbirinə qatılacaq. Digər iki tədbirdə isə iştirak etməyəcək. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Paşinyan yalnız Aİİ-nin toplantısına qatılacaq, digər iki tədbirdə isə iştirak etməyəcək. 

Bu isə Moskva İrəvan münasibətlərini daha da kəskinləşdirəcək: 

“Paşinyan indi çox çətin seçim qarşısındadır. O hər addımını Qərbin göstərişilə atdığına görə, mayın 5-də, ardınca 8-də və mayın 9-da Moskvada olacaq tədbirlərə gedib-getməmək məsələsində də həmin göstərişlərdən kənara çıxa bilmir. Çətinlik ondan ibarətdir ki, Putinin inaqurasiyası və 9 may Qələbə Gününün qeyd olunması Qərb üçün qəbuledilməzdir. Onların rəyincə Paşinyan da Rusiyanın təşkil etdiyi bu kimi tədbirlərdə iştirak etməməlidir. 

Görünür bunu nəzərə alıb, Paşinyanı daha çıxılmaz vəziyyətə salmaq üçün Avrasiya İqtisadi İttifaqının tədbirini də mayın 8-ə salıblar. Yəni 5 mayla 9 may arasında Aİİ-nin iqtisadi toplantısı olacaq”. 

Ekspert düşünür ki, Paşinyan birmənalı şəkildə Aİİ-nin tədbirində iştirak edəcək: 

“Çünki bu birlik hesabına hər il ölkəsi xeyli qazanc götürür. Yaranmış durumda Paşinyanın vəziyyətdən necə çıxacağı ciddi sual olaraq qalır. İlkin məlumata görə, Paşinyan Putinin inaqurasiyasında iştirak etməyəcək, Aİİ-nin toplantısında iştirak edib, Moskvanı tərk edəcək. Belə olan halda o, 9 may tədbirinə də qatılmayacaq. 

Hələlik Ermənistan hökumətinin mətbuat xidməti bu barədə heç bir məlumat yaymayıb. Görünür, hələ də müzakirələr davam edir. Çətin seçimlə əlaqədar Paşinyanın hansı qərar verəcəyini yaxın günlərdə görəcəyik. Böyük ehtimalla o, yalnız Aİİ-nin toplantısına qatılıb, digər iki tədbirdə iştirak etməyəcək. Bu isə Moskva İrəvan münasibətlərini daha da kəskinləşdirəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin