Fərid Şahbazlı: “Ermənistan Fransanın “bacılığı”ndan güc alaraq regionu yenidən “barıt çəlləyi”nə çevirmək istəyir”

Hazırda oxunan: Fərid Şahbazlı: “Ermənistan Fransanın “bacılığı”ndan güc alaraq regionu yenidən “barıt çəlləyi”nə çevirmək istəyir”

187328

“Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Dövlətimiz ardınca ciddi siyasi, diplomatik və hərbi həmlələrlə Vətən torpaqlarımızdakı separatçılıq yuvalarını tamamilə sıradan çıxardı və bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. Hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyillərinin bütün dünyanı cənginə aldığı bir dönəmdə Azərbaycanın Qarabağ problemini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həll etməsi beynəlxalq birlik tərəfindən də böyük təqdirlə qarşılandı. Hazırda Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin qarşılıqlı tanınması ilə bağlı intensiv danışıqlar aparılır”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

F.Şahbazlı qeyd edib ki, uzunmüddətli böhranın tam şəkildə həllinə son dərəcə yaxın bir vaxtda Fransa peyda olur və artıq “ölmüş” separatçı rejimin “dirildilməsi” uğrunda mübarizə aparacağını elan edir. Fransa Ermənistana davamlı silah yardımları göstərir, beynəlxalq qurumlarda Azərbaycan əleyhinə qarayaxma kampaniyaları təşkil edir.

Bunun nəticəsidir ki, son dönəmlərdə Ermənistan Azərbaycanla şərti dövlət sərhədində mütəmadi hərbi təxribatlar törədir. Bu hərbi təxribatların aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşü ərəfəsində və görüşdən sonra baş verməsi təsadüfi deyil. Ermənistan bu görüşdən və Fransanın “bacılığı”ndan güc alaraq regionu yenidən “barıt çəlləyi”nə çevirmək istəyir.
Siyasi ekspertin sözlərinə görə, Emmanuel Makron, onun nazirləri, merləri, hətta ətirsatanları belə Bakını sanksiyalar və az qala silahlı müdaxilə ilə hədələyirlər. Niyə? Nə üçün? Hər şeydən əvvəl ona görə ki, Fransanın xarici siyasəti müasir tarixində heç vaxt olmadığı qədər ciddi böhran keçirir. Onu keçmiş koloniyalarından – Mərkəzi və Qərbi Afrika ölkələri olan Malidən, Mərkəzi Afrika Respublikasından, Nigerdən, Burkina-Fasodan qovurlar. Qabonda da Fransayönümlü administrasiya devrilir, müstəmləkə dövründən qalma fransız hərbçilər, firmalar və mütəxəssislər ölkədən çıxarılır, hərbi-siyasi və iqtisadi müqavilələrə xitam verilir. Şimali Afrikadakı ərəb ölkələri də fransızlara qarşı soyuq düşmənçilik nümayiş etdirir. İkincisi, Fransa təkcə uğursuz xarici siyasət ölkəsi deyil, eyni zamanda, uzun müddətdən bəri fitilinə heç kimin toxunmadığı bir “barıt çəlləyi”dir. Bu ölkənin həll edilməmiş etnik, milli və dini problemləri, Korsikada silahlı separatçılıq kimi gizli problemləri var. Bretan bölgəsində də separatçı təşkilatlar fəaliyyət göstərir. Belə bir şəraitdə kimsə bu insanların mübarizə və azadlıq duyğularını hiss etmək, bu mübarizəni müxtəlif mexanizmlərlə dəstəkləmək istəsə nə baş verəcək?! Sualın özündə cavab da var… Fransa əhalisinin on milyona yaxınını mühacirlər təşkil edir ki, onların də əksəriyyəti müsəlmanlardır.

Onlar kompakt anklavlarda və gettolarda “fransızca” deyil, özlərinin milli-dini qaydalarına uyğun yaşayırlar. Onların “mədəniləşdirilməsi” siyasəti isə çoxdan iflasa uğrayıb. İndi kimsə onları açıq şəkildə etnik və dini hüquqları uğrunda mübarizəyə çağırsa, tələblərini maliyyələşdirib dəstəkləsə, onları Fransa dövlətindən ayrılmağa, hüquqi və inzibati muxtariyyətə nail olmaq üçün mübarizəyə şirnikləndirsə nə baş verəcək? Düşünürük ki, yenə də əlavə izaha ehtiyac yoxdur.

“Onsuz da boğaza qədər “zibil”in içində olan rəsmi Paris özünün qeyri-məntiqi siyasəti ilə Azərbaycanı qorxutmağa çalışır. Əslində, bu zavallıları qınamaq da olmur. Çünki tarixi təcrübə göstərir ki, çürüməkdə, ölməkdə olan imperialist dövlətlər adətən bu cür vəziyyətlərdən müharibələr vasitəsilə çıxmağa çalışırlar. Fransanın Kiyevə cani-dildən dəstək verməsi də Ukrayna xalqına sonsuz sevgidən deyil, Napoleon Bonapartı Parisə qədər qovan, sonra onu Vaterloya, daha sonra Müqəddəs Yelena adasına sürgün edən ruslara nifrətdən və fransızların diqqətini yuxarıda sadaladığımız problemlərdən yayındırmaq məqsədi daşıyır. Elə Emmanuel Makronun Ermənistanın “nazı ilə oynaması”da haylara pərəstişindən deyil, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindən qaynaqlanır. Bunu nisbətən ayıq erməni siyasətçiləri də başa düşürlər və Nikol Paşinyanı özünün bu “qul xisləti”ndən əl çəkməyə çağırırlar”, - deyə F.Şahbazlı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin