İran-İsrail gərginliyi PİK HƏDDƏ – Yaxın Şərq böyük savaşa SÜRÜKLƏNİR?

Hazırda oxunan: İran-İsrail gərginliyi PİK HƏDDƏ – Yaxın Şərq böyük savaşa SÜRÜKLƏNİR?

185331

Xəbər verildiyi kimi, bu gecə İsrail Suriyadakı İran konsulluğunu atəşə tutub. "Al Hadath" telekanalının məlumatına görə, nəticədə 11 nəfər ölüb. Ölənlərdən ikisi SEPAH generalı, 5-i isə müşavir olub. Öldürülən İran generalları Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimidir. 

Sözügedən hücum İsrailin son illərdə İrana qarşı ən ciddi addımı kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, İran Prezidenti İbrahim Rəisi hücumdan sonra İsraili açıq şəkildə təhdid edib:
 

MÖVZU İLƏ BAĞLI:

İranın timsah GÖZ YAŞLARI – Tehran İsrail-HƏMAS savaşından MİLYARDLAR QAZANIR


“İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə cavabsız qalmayacaq”.

Bəs, bu gərginlik Yaxın Şərqdə böyük savaşa çevrilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, İsrailin etdiyi bu hücum bölgədə yaşanan ciddi eskalasiyanın nəticəsidir:

“Öncə qeyd edim ki, öldürülən İran generalı Məhəmməd Rza Zahedi 2008-2016-cı illərdə İran İslam İnqilab Keşikçiləri Korpusunun Livandakı komandanı olub. Sonradan Suriyaya gəlib. İsrail İranın Suriya və bölgənin digər ərazilərində olan mövqelərini həmişə vurub. Bu zərbələrdən də məqsəd onları zəiflətməkdir. Əslində İsrail bu illər ərzində Suriyadakı İrana bağlı silahlı birləşmələrin bir çox hədəflərini vurub. Onlara yüzlərlə hava zərbələri endirib”. 

Müsahibimizin fikrincə, İsrailin Suriyadakı İran konsulluğuna vurduğu zərbələr Tehran və onun müttəfiqlərinin qətiyyətini sınaqdan çıxarmaq məqsədi daşıyır:

“Bu zərbə ilə İsrail həmçinin düşmənlərə qarşı mübarizədə özünün ciddi olduğunun siqnalını verir. İsrail bu zərbə ilə İranın çox ciddi personaları sıradan çıxarıb. İranın cavab reaksiyası terror vasitəsilə ola bilər. Amma məsələ ondadır ki, İsrail reaksiyanı gözləyəcək və bundan sonra əks reaksiya da olacaq”. 

Partiya sədrinin fikrincə, atılan bu addım bölgədə qəfil hərbi əməliyyatların başlanmasına da gətirib çıxara bilər: 

“Əslində bu hücum regionda ciddi eskalasiyanın səbəbidir. Hər halda əsas məsələ İranın hadisəyə reaksiyasından sonra bəlli olacaq. İsrail cəsarətli və risqli addım atıb. Bu hadisə göstərir ki, Qəzza bölgəsindən sonra digər qonşu ərazilərdə də əməliyyat aparmağa hazırlaşmaqla bağlı İsrail tərəfindən səslənən bəyanatlar elə-belə deyilməyib. Suriyadakı olayı həmin prosesə hazırlıq mərhələsi kimi də nəzərdən keçirmək olar”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin