Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR?

Hazırda oxunan: Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR?

184579

Ermənistan təkcə terror dövləti kimi yox, həm də ekoloji təhlükə yaradan ölkə kimi beynəlxalq aləmi ciddi şəkildə narahat edir. Bu narahatlıq son dövrlərdə yenidən gündəmə gətirilib. Məsələn martın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edən baş nazir Nikol Paşinyan ciddi iradlar qarşısında qalıb.

Baş nazir əvvəlcə iddia edib ki, Metsamor Atom Elektrik Stansiyası (AES) ölkəsinin enerji təhlükəsizliyinin təməl daşıdır. Ardınca da etiraf edib ki, Metsamor AES tək ölkəsi üçün deyil, bütövlükdə region, dünya üçün təhlükə mənbəyidir. Ona görə də Metsamor AES tez-tez təmirə dayandırlır. Çünki Ermənistanın enerji təlabatını məhz bu stansiya ödəyir. Artan tələbat qarşısında isə stansiya dözmür, tez-tez sıradan çıxır.

Atom tədqiqatçıları narahatlıq içindədir

Təsadüfi deyil ki, dünya atom alimlərinin bülleteni olan “Bulletin of the Atomic Scientists” nəşri son 1 ayda iki dəfə Metsamor AES-lə bağlı böyük məqalələr dərc edib. Sonuncu “Ermənistanın atom elektrik stansiyası təhlükəlidir - Bağlamaq vaxtıdır” başlıqlı yazı isə martın 5-də dərc olunub.

Həmin məqalələrdə ciddi şəkildə xəbərdarlıq edilir ki, stansiya region üçün üçün ciddi təhlükə mənbəyidir. Onun istismarı heç bir təhlükəsizlik qaydalarına əməl olunmadan davam etdirilir. Son məqalədə qeyd olunur ki, 2020-ci ilin sonunda Ermənistan hökuməti əhəmiyyətli təkmilləşdirmələrə cəhd etmək üçün Metsamor atom elektrik stansiyasının 2021-ci ildə beş ay müddətinə bağlanacağını elan etdi:

“Çünki Avropa İttifaqı davamlı olaraq Ermənistanı stansiyanı bağlanmağa çağırırdı. Çünki zavod beynəlxalq səviyyədə qəbul edilmiş təhlükəsizlik standartlarına tam cavab vermək üçün yenilənə bilməz. Metsamorda baş verən böyük nüvə və ya radiasiya qəzası təkcə Ermənistan xalqına deyil, həm də qonşu Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Rusiya və Cənubi Avropadakı vətəndaşlara da təsir göstərəcək. Bundan başqa, Ermənistan Metsamorun hasilatı olmadan öz enerji ehtiyacını ödəyə bilər. Çünki, stansiyanın istehsal etdiyi elektrik enerjisinin yarısından çoxu İrana ixrac edilir”.

Bütün bu xəbərdarlıqlara baxmayaraq rəsmi İrəvan AES-i bağlamaq fikrindən çox uzaqdır. Çünki Ermənistan stansiyaya enerji müstəqilliyinin təminatçısı kimi baxır. Təsadüfi deyil ki, Paşinyan Nüvə Enerjisi Sammitində bildirib ki, “AES Ermənistanın suverenliyini möhkəmləndirir və simvolizə edir”.

Aİ Ermənistanı stansiyanı bağlamağa çağırır

Avropalı ekspertlər hesab edir ki, 44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında nəqliyyat və enerji sektorunun inkişafı üçün böyük imkanlar açılıb. Cənubi Qafqaz regionunda ticarət və nəqliyyat əlaqələrini artırmaq üçün əlavə imkanlar yaranıb. Yeni infrastruktur və maliyyələşdirmə təbii ki, Ermənistana daha yeni, təhlükəsiz və müxtəlif enerji mənbələrindən istifadə etmək üçün yeni imkanlar təqdim edir. Buna görə də, Ermənistan Metsamoru bağlamaqla təkcə öz vətəndaşlarının və qonşu dövlətlərin təhlükəsizliyinə töhfə verməyəcək, həm də Cənubi Qafqazda sülhü möhkəmləndirə bilər.

Metsamor AES nə zaman və hansı müddətə tikilib?

Metsamor AES  paytaxt İrəvan yaxınlığında və Ermənistanın Türkiyə ilə sərhədə yaxın ərazidə inşa edilib. Bu ərazi təhlükəli seysmik zonadır. Köhnəlmiş Sovet texnologiyası ilə inşa edilən zavodda 400 meqavat gücündə iki reaktor var. İlk blok 1977-ci ildə istehsala başlayıb. Lakin hər iki blok 1989-cu ildə 1988-ci ildə Ermənistanda 25 mindən çox insanın ölümünə səbəb olan güclü Spitak zəlzələsindən sonra Sovet hakimiyyəti tərəfindən bağlanıb.

1995-ci ildə Ermənistan Rusiyanın maliyyə və texniki dəstəyi ilə stansiyanın ikinci blokunu yenidən işə salındı. Zavodun ilkin fəaliyyət lisenziyası 2016-cı ildə başa çatmalı idi. Lakin rəsmi İrəvan onu 2021-ci ilə qədər uzatdı. Çox təəssüf ki, istismar müddəti başa çatsa da, stansiya bu gün də fəaliyyətdədir.

Metsamor AES niyə təhlükəlidir?

Əvvala ona görə ki, stansiya istismar müddətini başa vurub. Bundan əlavə stansiya sovet dövründən qalan, saxlama qabı olmayan reaktorla işləyir. Təsadüfi deyil ki, Ermənistanın energetika üzrə sabiq nazir müavini Areq Qalstyan 2004-cü ildə bəyan etmişdi ki, “xalqı narahat etməmək üçün stansiya ilə bağlı təfərrüatlar gizli saxlanılır”.

1995-ci ildə yenidən işə salındıqdan sonra Metsamor çoxsaylı təhlükəsizlik təkmilləşdirmələrinə və həmçinin onlarla aşağı səviyyəli təhlükəsizlik insidentlərinə məruz qalıb. Təsadüfi deyil ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bu yaxınlarda etiraf edib ki, Metsamorda aparılan təkmilləşdirmə işləri qrafikdən geri qalıb:

“Çünki erməni mütəxəssislərin atom stansiyasının tikintisi və təmirində təcrübələri azdır”.

Metsamorda baş verə biləcək qəza hansı dəhşətli təhlükələrə səbəb ola bilər

Metsamorda baş verən nüvə və ya radiasiya qəzası təkcə paytaxta yaxın olduğu üçün Ermənistan əhalisinin əksəriyyətinə deyil, həm də yaxınlıqdakı bir çox ölkələrin vətəndaşlarına təsir göstərəcək. Bundan əlavə, zavoddakı qəza Metsamor çayı vasitəsi ilə Araz çayına çox təhlükəli maddələrin axması ilə nəticələnəcək. Bunun da nəticəsində Araz çayının Azərbaycan və İran ərazisindən keçən hissələrində qorxunc fəsadlar yaranacaq.

Bir sözlə Metsamor AES-də baş verə biləcək hər hansı bir qəza regiondakı milyonlarla insanın həyatını riskə ata bilər.

Surxay Atakişiyev, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin