ABŞ-ın Yaxın Şərqlə bağlı YENİ PLANI – Regionda gərginlik daha da ARTACAQ...

Hazırda oxunan: ABŞ-ın Yaxın Şərqlə bağlı YENİ PLANI – Regionda gərginlik daha da ARTACAQ...

175791

Yaxın Şərqdə gərginlik davam edir. Xüsusilə də, İrana bağlı qüvvələrin ABŞ hərbi bazasına hücumu gərginliyin daha da artmasına səbəb olub.

Hücumdan sonra Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar Amerika hərbçilərinə hücumlarla əlaqədar öz qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək: 

“İranın dəstəklədiyi qüvvələr ABŞ hərbi personalına qarşı davam edən hücumlara görə məsuliyyət daşıyır və biz ABŞ-ı və qüvvələrimizi lazımi vaxtda və lazımi şəkildə qorumaq üçün ciddi addımları atacağıq. ABŞ Yaxın Şərqdəki qüvvələrinə hücumlara dözməyəcək və hərəkətə keçəcək”, - deyə Pentaqon rəhbəri bildirib.

Qeyd edək ki, yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çox əsgər isə yaralanıb. Bundan əvvəl isə ABŞ-da Yaxın Şərqdəki bir sıra bazalarından qoşunların çıxarılması məsələsi gündəmə gəlmişdi.

Göründüyü kimi, İranın hücumu Ağ Evdə qurulan planların üzərindən xətt çəkib. Bəlkə də, ABŞ bilərəkdən hücumu bəhanə edərək Yaxın Şərqdə qalmasının vacibliyini göstərməyə çalışır. Bu ehtimal isə Vaşinqtonun regionla bağlı yeni planlarının olması məsələsini meydana çıxarır.  

Bəs, ABŞ-ın Yaxın Şərqlə bağlı yeni planı nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov qeyd edib ki, Vaşinqton öz qoşunlarını və hərbi bazalarını Yaxın Şərqdən çıxarmaq barədə düşünmür:

“ABŞ-ın hərbi bazalarına hücumlar bundan əvvəl də olub, indi də var, bundan sonra da olacaq. Hər belə hücumlardan sonra isə Vaşinqton təbii ki, hərbi bazalarını Yaxın Şərqdən çıxarmaq barədə düşünməyəcək. ABŞ-ın dünyanın hər yerində hərbi bazaları mövcuddur. Bu ölkə dünya ağalığından imtina etməyib və imtina etmək fikri də yoxdur. 

Hər belə hücumlardan sonra ABŞ hərbi bazalardan qoşunlarını çıxarsaydı, 800-dən artıq hərbi bazasını dünyanın hər bir yerinə səpələməzdi. Vaşinqton dünya ağalığı uğrunda iddiasını heç zaman gizlətməyib. Əksinə, bunu açıq şəkildə bəyan edib və nəyin bahasına olursa-olsun buna nail olmağa çalışıb. 
Azərbaycana təzyiqlərin kökündə də bu amil dayanır. ABŞ Cənubi Qafqazda da möhkəmlənmək istəyir və təəssüf ki, bu istəyini yanlış üsullarla reallaşdırmağa çalışır. ABŞ hərbi bazaları bundan sonra da belə hücumların şahidi olacaq. Lakin buna baxmayaraq, ABŞ öz planlarından heç zaman imtina etməyəcək və imtina etməsi də mümkünsüzdür”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin