Erməni qadın: “Anam demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - VİDEO

Hazırda oxunan: Erməni qadın: “Anam demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - VİDEO

173166

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Göyçəyə qayıtsam atamın buradakı məzarından ora torpaq aparacam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.

O, qədim oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Atasının poçtalyon işlədiyini, 10 yaşından qəzetləri kəndə özünün payladığını bildirən A.Xudaverdiyeva adət-ənənələrdən danışıb: “Qış aylarında məktəbin həyətində qar topu oynayırdıq, xizək sürürdük. Novruz bayramında sulaşırdıq. Göyçə gölündə çimdiyimiz anları, o füsünkar təbiətin qoynunda gəzməyi yenidən yaşamaq istəyərdim”.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar:

“Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, insanlar qorxurdu. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə növbə çəkirdilər. Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi və  o yenidən kəndə qayıtdı. Şəmkir rayonunun Bada kəndindəki ermənilər bizim kəndə dolmuşdular, bütün əşyaları, xalçaları mənimsəmişdilər. Azərbaycanlıların köç maşınlarını ermənilər daşa basırdılar. Atam da zədə almışdı, daş baş hissəsindən yarmışdı. Nəhayət, atam evimizi 1988-ci il dekabrın 7-də Şəmkir rayonunun Bada kəndinə dəyişdi və biz orada məskunlaşdıq”.

Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib:

“35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdu. Həqiqətən çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparam. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim. Möhtərəm Prezidentimiz Qarabağı azad etdi, əminəm ki, Göyçəni də qaytaracaq və biz öz yurdumuza qayıdacağıq”.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin