Hindistanın erməni SEVDASI – Ucuz silahın nə “şorba”sı OLACAQ?!

Hazırda oxunan: Hindistanın erməni SEVDASI – Ucuz silahın nə “şorba”sı OLACAQ?!

169854

Son zamanlar mətbuatda Ermənistanın Hindistan istehsalı olan müxtəlif raket sistemlərini almağa maraq göstərdiyi barədə informasiyalar yayılır. Bunu Hindistan və Ermənistan arasında hərbi-texniki sahədə əlaqələrin nəzərəçarpacaq dərəcədə intensivləşməsi də sübut edir. 

Məlumata görə, İrəvan orta mənzilli, "BrahMos” hava raketlərini və yerüstü, qısamənzilli taktiki "Pralay” ballistik raketləri almaqda qərarlıdır. Bir sözlə, son dövrlər Ermənistanın Hindistanla silah sahəsində əməkdaşlığı artır. Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Buradan görünür ki, Nyu-Dehli də həmin məsələdə maraqlıdır.  

Hindistan-Ermənistan ittifaqı niyə Azərbaycanı hədəf alır?

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Hindistanla Ermənistanın hərbi müstəvidə yaxınlaşmasının kökündə Azərbaycanın Pakistanla dostluq münasibətləri dayanır: 
 

MÖVZU İLƏ BAĞLI:

Hindistan Ermənistana raket sistemi göndərdi


“Son illərə qədər əsas müttəfiqi olan Rusiyanı itirən Ermənistan onu əvəz edəcək dövlət axtarışındadır. Bu istiqamətdə ilk münasibət qurduğu və hərbi əməkdaşlıq yaratdığı dövlət Hindistan oldu. Hindistanın Ermənistana yaxınlaşmasının kökündə isə Azərbaycan Pakistan dostluğu dayanır. Bu dostluq Hindistanı qıcıqlandırır. Həmin səbəbdən də Hindistan Ermənistana dəstək verir. 

Azərbaycan Pakistan-Hindistan qarşıdurmasında, xüsusən də Kəşmir məsələsində rəsmi İslamabadın yanında olduğunu dəfələrlə bəyan edib. Hindistan ötən il Ermənistanla 242 milyon dollarlıq silah razılaşması imzalayıb. 

Yəqin ki, onlar bu sahədə əməkdaşlığı bundan sonra da davam etdirəcəklər. 

Çünki Ermənistanın istədiyi silahları başqa dövlətlərdən almaq imkanı kifayət qədər məhduddur. Hindistan silahları keyfiyyətli olmasa da, hər halda qiymət baxımından İrəvanı qane edir. Fransa bu istiqamətdə addım atsa da, bu silahlar kifayət qədər bahadır. Ona görə də onları almaq Ermənistanın imkanları xaricindədir. 

Rusiya ilə münasibətlərin pozulması fonunda İrəvanın yaxınlıq göstərdiyi iki ölkə hələlik Fransa ilə Hindistandır. Ancaq Hindistan silahları nisbətən ucuz olması baxımından İrəvana daha yaxındır. Həm də Hindistandan alınan silahları İran vasitəsilə Ermənistana çatdırmaq daha asandır. Hindistan Ermənistan əməkdaşlığının kökündə bu məsələlər dayanır. Gələcəkdə bu məsələdə müəyyən dəyişikliklərin baş verməsi də tamamilə mümkündür”.

Həmsöhbətimiz qeyd edir ki, bütün hallarda Ermənistan Hindistan əməkdaşlığı İrəvana heç bir üstünlük verməyəcək:

“Onların aldığı silahlar kifayət qədər aşağı səviyyəli silahlardır. Hətta bu silahlar Ermənistanın vaxtilə Rusiyadan aldığı silahlardan da aşağı keyfiyyətlidir. Ermənistan ordusu bu əməkdaşlıq nəticəsində heç zaman Azərbaycan Ordusunun həndəvərinə də yaxınlaşa bilməz. Aradakı fərq günü-gündən ölkəmizin xeyrinə artacaq və Azərbaycan Ordusu erməni ordusundan hər zaman daha güclü döyüş qabiliyyətinə və güclü hazırlığa malik olacaq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin